Medianews.az
İki prezidentin karyerasını baltalayan Mustafayev -
116 baxış

İki prezidentin karyerasını baltalayan Mustafayev - ikili oyun ustası

1989-cu ilin payızı, Meydan hərəkatının qızğın çağıydı, bu sətirlərin müəllifi Gəncəyə, ixtisasartırma kursuna göndərilmişdi. Müəllimlərimizdən biri köhnə kişilərdən, bazburutlu, keçmişdə partiya-sovet sistemində çalışmış adam idi. O, Stalinçiydi, dərs boyunca Stalinin zəkası, ədaləti, asketik həyat tərzi keçirməsi barədə hədislər danışırdı.

Bir dəfə müəllimimiz Azərbaycana rəhbərlik edənlərdən danışmağa başladı. Məlum oldu ki, onun kumiri İmam Mustafayevdir. O, 1954-59-cu illərdə Azərbaycan KP MK-nın birinci katibi olaraq faktiki şəkildə respublikaya rəhbərlik etmiş İmam Daşdəmiroviçi (belə adlandırırdı) bütün rəhbərlərdən ayırır, zirvəyə qoyur və deyirdi: “Sovet hökuməti onun qədrini bilmədi, imam kimi adam idi”.

Ona qədər çoxumuz elə bilirdik ki, İ.Mustafayev artıq vəfat edib. Heç demə, sağ-salamat imiş. Həmin o təlatümlü illərdə keçmiş rəhbər yenidən siyasi arenanın vitrininə çıxdı, ölkənin baş ağsaqqalı oldu, bir sıra proseslərə təsir etdi.

1993-cü ilin iyununa qədər xalq arasında İmam Mustafayevin personasına ciddi rəğbət vardı, hamı düşünürdü ki, belə ağsaqqalı olan millətin, necə deyərlər, sırtı yerə gəlməz. Ancaq Surət Hüseynovun 1993-cü ilin iyununda başlatdığı hərbi qiyam zamanı İ.Mustafayevin oynadığı rol həm gənc dövlətin yaman günə qalmasına və qanuni prezidentin devrilməsinə, həm də özünün reputasiyasının yerlə bir olmasına səbəb oldu. O, qiyamın səbəb və nəticələrini araşdırmaq üçün yaradılmış parlament komissiyasının rəhbəri olaraq qrup üzvləri birlikdə Gəncəyə getdi, Surət və onun banda üzvləri ilə görüşdü, qayıdıb paytaxta gəldi və canlı yayımla xalqa nümayiş etdirilən parlament iclasında elə bir hesabat təqdim etdi, elə bir nitq söylədi ki, bu hərəkətin məşum nəticələri oldu.

Ölkə “ağsaqqalı” hökumət qoşunlarının 69 əsgəri gecə yatdığı yerdə öldürdüyündən bəhs edərək xalqı dəhşətə gətirdi, hakimiyyət qüvvələrini cani elan etdi, ictimai rəyi ciddi şəkildə çaşdırdı. Sonradan məlum oldu ki, İ.Mustafayevin dilə gətirdiyi heç nə doğru deyil. Əslində S.Hüseynovun dəstəsində heç kim ölməmişdi, əksinə, surətçilər prezident qvardiyasının zabit və əsgərlərini xaincəsinə avtobusda güllələmişdilər. Həmin günlərdə S.Hüseynovun təşkil etdiyi ziyafətlərdə başdan oturmuş İmam müəllimin (“imam övladı” adlandırılan adamın) qiyamçılarla konyak badələri toqquşdurmasına dair detallar sonradan, uyğun iş üzrə məhkəmədə açıldı. (Bu barədə Rövşən Kəbirlinin “Müxalifət” qəzetində dərc olunmuş geniş və maraqlı məhkəmə reportajları var).

Beləliklə, məlum oldu ki, “Tütək səsi” filmində səslənən replikayala desək, “ağsaqqal əyib”. O hadisədən sonra onun ağsaqqallığına, ədalərinə inam sarsıldı və İ.Mustafayev öz mənhus rolunu oynayaraq siyasi vitrindən çəkildi. 1997-ci ilin martında o, 87 yaşında vəfat edərkən bu hadisə xalq arasında “ölkə öz müdrik ağsaqqalını itirdi” kimi rəy və dərin təəssüf hissi doğurmadı.

Bu günlərdə tarix professoru Cəmil Həsənlinin ötən əsrin ortalarında respublikamızda cərəyan edən hadisə və proseslərlə bağlı dərc etdirdiyi arxiv materiallarında İmam Mustafayevin həyat yoluna dair maraqlı qeydlər var.

imammirzə.jpg (72 KB)

                      Şəkildə: soldan üçüncü - Mirzə İbrahimov, sağdan axırıncı - İmam Mustafayev

Məlum olur ki, bu şəxs 1959-cu ildə də ikili rol oynayaraq başqalarını güdaza verib. 1993-cü ildə onun parlamentdəki çıxışı prezident Elçibəyin devrilməsinin əsas səbəblərindən biri olubsa, 1959-cu ildə o, eyni rolu Azərbaycanın de-yure rəhbəri (Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin sədri) olan Mirzə İbrahimovun vəzifədən kənarlaşdırılmasında oynayıb.

Bu gün İ.Mustafayevin vikipediya məlumatlarında belə bir qeyd var: “Hakimiyyətdə olduğu dövrdə Azərbaycan dilinin rus dilindən üstün tutulması istiqamətində gördüyü işlər səbəbindən 8 iyul 1959-cu ildə "bacarıqsızlıq" bəhanəsi ilə vəzifəsindən azad edilmiş və Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun üzvlüyündən çıxarılmışdır”.

Bu fikirdə müəyyən həqiqət payı var, amma məsələ bir az başqa cürdür. C.Həsənlinin yaydığı arxiv materiallarında göstərilir ki, İ.Mustafayev əvvəl-əvvəl yazıçı Mirzə İbrahimovun Azərbaycan dilinin dövlət dili elan edilməsi, dövlət strukturlarında intensiv işlədilməsi təşəbbüsünə ortaq olsa da, sonradan Kremlin təzyiqi ilə mövqeyindən cayıb, öz vəzifəsini qorumaq üçün M.İbrahimovu ayağa verib, öz adamlarını öyrədərək, onun “əsas günahkar” elan olunması və cəzalandırılmasına çalışıb.

Bu namərdlik o qədər açıq-aşkar və haqsız, ədalətsiz olub ki, görkəmli yazıçı çıxış edərək İ.Mustafayevin ikili oyun oynadığını onun üzünə söyləyib.

Azərbaycan KP MK-nın 1959-cu ilin iyun ayında keçirilən plenumunda İ.Mustafayevin öyrətməsi ilə MK katibi Abdulla Bayramov baş verənlərə görə M.İbrahimovu hədəf göstərib, yazıçının 3 il əvvəl “Kommunist” qəzetində dərc olunmuş “Azərbaycan dili dövlət idarələrində” məqaləsini nümunə göstərib. Onun ardınca çıxış edən nazirlər, komitə sədrləri də M.İbrahimovu Kremlin qıcanmış dişlərinin qabağına atıblar.

Mirzə İbrahimov anlayıb ki, ona qarşı yönələn bu çıxışlar plenumun iclasına sədrlik edən İmam Mustafayevdən gəlir. Ona görə də o, öz cavab çıxışında 1954-cü ildə Kremldən gəlmiş İosif Şikininin Mirteymur Yaqubovdan sonra respublikaya kimin rəhbərlik edə biləcəyini ondan soruşmasından bəhs edərək deyib: “Mən Mustafayevin adını çəkdim. İnanırdım ki, bu mədəni, enerjili yoldaşın xarakterində olan çatışmazlıqlar, üzərinə götürdüyü böyük məsuliyyətin təzyiqi altında aradan qalxacaq. Nə alındı? O alındı ki, İmam Mustafayevin xarakterində olan çatışmazlıqlar indi də qalmaqdadır, o, tənqidi sevmir. Onun ünvanına bir söz dedinsə, qəbir evinə qədər səninlə düşmən olacaq”.

Beləcə, kommunist olsa da, əqidəsinə sadiq, gözü-könlü tox, ən ümdəsi olduqca vətənpərvər və millətsevər yazıçı İbrahimov Mustafayevin komandası tərəfindən xəyanətə məruz qalıb. Ancaq “çörəyi qulağına yeməyən Moskva” sonda İ.Mustafayevi də cəzalandırıb.

Bu baxımdan ötən əsrin 50-ci illərində ana dilimizin dövlət dili olması uğrunda mübarizənin bütün şan-şöhrəti M.İbrahimova aiddir. Digərləri sözlərindən qaçıb, onu meydanda tək qoyublar, hətta bu xidməti ona qarşı ittihama çeviriblər. Stalin sağ olsaydı, bu iş üstə birinci güllələnən M.İbrahimov olacaqdı.

Ona görə də qoy hər kəs tarixdə öz adıyla, xidmətiylə, mənfi-müsbətiylə qalsın.

Xalid KAZIMLI 

Bizə qoşulun