Medianews.az
Minsk qrupu: nöqtə qoyuldu
245 baxış

Minsk qrupu: nöqtə qoyuldu

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) dekabrın 1-də bəyanat yayaraq Ermənistan-Azərbaycan münaqişəsində beynəlxalq vasitəçi olmuş Minsk qrupunun ləğvinin başa çatdığını açıqlayıb.

Medianews.az xatırladır ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri avqustun 8-də iki ölkə arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair saziş layihəsini paraflayıblar, həmçinin ATƏT sədrinə Minsk prosesinin və onunla əlaqəli strukturların bağlanması barədə birgə müraciət imzalayıblar. Müraciəti nəzərə alan ATƏT-in Xarici İşlər Nazirləri Şurası sentyabrın 1-də Minsk prosesinin və ona bağlı strukturların bağlanması barədə qərar qəbul edib.

57 ölkəni birləşdirən ATƏT 1975-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) adı ilə yaradılıb. Azərbaycan və Ermənistan quruma 1992-ci il yanvarın 30-da qəbul olunublar.

1992-ci il martın 24-də ATƏM-in Xarici İşlər Nazirləri Şurası Dağlıq Qarabağa dair sülh konfransının çağırılması qərarı qəbul edib. Konfransın Minskdə keçirilməsi nəzərdə tutulub.

1992-ci il mayın 1-də konfransın reallaşması üçün Minsk qrupu yaradılıb, konfransa hazırlıq məqsədilə italyan Mario Rafaelliyə mandat verilib. O, 1994-cü ilə qədər Minsk qrupunun sədri funksiyasını icra edib.

1994-cü ilin dekabrında həmsədrlik institutu yaradılıb, həmsədrlik Rusiya ilə İsveçə tapşırılıb. Sonradan İsveçi Finlandiya əvəzləyib.

1996-cı il dekabrın 30-da Finlandiya nümayəndəsinin əvəzinə Fransa təmsilçisi həmsədr təyin olunub, 1997-ci il fevralın 14-də Minsk qrupuna daha bir həmsədr ölkə qoşulub: ABŞ.

Minsk qrupunda həmsədrlər, Azərbaycan və Ermənistanla yanaşı Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə də yer alıb.

Ermənistan 1988-1994-cü illərdə Azərbaycanın cənub-qərbini və Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndini işğal edib, Qarabağda separatçı rejim qurub.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı müharibə və savaşdan sonrakı danışıqlar, lokal hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı, Ağdərə rayonları qismən azad olunub.

2023-cü il sentyabrın 19-da Azərbaycan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd və Ağdərə rayonlarının bir hissəsinə nəzarət edən işğalçı rejimə qarşı hərbi əməliyyata başlayıb, ertəsi gün rejim tərksilah olmaq öhdəliyi götürüb, sentyabrın 24-dən ermənilərin Qarabağdan kütləvi köçü başlayıb, sentyabrın 28-də rejim özünü buraxıb.

2024-cü il mayın 24-də Ermənistan Qazaxın Aşağı Əskipara, Bağanıs Ayrım, Xeyrimli, Qızılhacılı kəndlərindən çəkilib.

Sədərək rayonunun Kərki, Qazax rayonunun Barxudarlı, Sofulu, Yuxarı Əskipara kəndləri Ermənistan ərazisi ilə əhatə olunmuş (anklav) vəziyyətdədir.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun