Bu gün Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsini (kommersiya banklarına manatla verilən borclar üzrə faiz dərəcəsi) 7,25 faizdən 6,75 faizə endirib.

İqtisadçı Natiq Cəfərli Medianews.az-a açıqlamasında deyib ki, Mərkəzi Bankın bu qərarı gözlənilən idi: “Bu, düzgün, məntiqə uyğun bir qərardır. Əvvəlki illərə nisbətən Mərkəzi Bankın indiki rəhbərliyi gələcəkdə atacağı addımları demək olar ki, öncədən anons edir və yaxud da onu proqnozlaşdırmaq mümkün olur. ABŞ-ın Federal Ehtiyatlar Sistemi, Avropa Mərkəzi Bankı və digər böyük banklar faiz endiriminə gedir. Azərbaycan da bu vəziyyətə uyğun addımlar atır”.
N.Cəfərli bildirib ki, uçot dərəcəsinin 7,25 faizdən 6,75 faizə endirilməsinin nəticəsi bank sekorunda, iqtisadiyyatda dərhal duyulmayacaq: “Bundan ötrü prosesin davamlı olması lazımdır. Yəni Mərkəzi Bankın İdarə Heyəti növbəti iclaslarda da uçot dərəcəsinin azaldılması barədə qərarlar qəbul edərsə, onda bir müddət sonra prosesin kreditlərə təsiri hiss oluna, kreditlər ucuzlaşa bilər. Hərçənd bunun da uçot dərəcəsi ilə birbaşa əlaqəsi yoxdur, çünki bizdə depozitlər bahadır”.
Azərbaycanda maksimum uçot dərəcəsi 2007 və 2018-ci illərdə 13 faiz, 2008, 2016 və 2017-ci illərdə 15 faiz, 2009 və 2012-ci illərdə 5 faiz, 2010 və 2015-ci illərdə 3 faiz, 2011-ci ildə 5,25 faiz, 2013-cü ildə 4,75 faiz, 2014-cü ildə 4,25 faiz, 2019-cu ildə 9,25 faiz, 2020 və 2021-ci illərdə 7,25 faiz, 2022-ci ildə 8,25 faiz, 2023-cü ildə 9 faiz, 2024-cü ildə 7,75 faiz olub.
Nailə Qasımova,
Medianews.az