Medianews.az
“Mən-Dədə Qorqud: Epizod 1. Başlanğıc” -
362 baxış

“Mən-Dədə Qorqud: Epizod 1. Başlanğıc” - Premyera keçirildi - FOTOLAR

Dekabrın 2-də YUĞ Dövlət Teatrında “Mən-Dədə Qorqud: Epizod 1. Başlanğıc” tamaşasının premyerası keçirilib.

Medianews.az xəbər verir ki, tamaşa “Kitabi-Dədə Qorqud” dastanının “Dirsə xan oğlu Buğac” boyu əsasında səhnələşdirilib.

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar teatrında nümayiş olunan tamaşanın quruluşçu rejissoru Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rəssamı Mustafa Mustafayev, xoreoqrafı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Anar Mikayılov, rejissor assistenti Günel Səfərovadır. Səhnə əsərinin musiqi tərtibatı İffət Əskərova məxsusdur.

Tamaşada rolları (iki tərkibdə) Yuğ Teatrının aktyorları – Xalq artisti Vidadi Qasımov, Əməkdar artist Qasım Nağı (Dədə Qorqud) və aktyorlar Mətanət Abbaslı, Nigar Mürsəlova (Ozan Ana), Vüqar Hacıyev (Ozan Ata) və  Amid Qasımov (Ozan Oğul) ifa edirlər.

“Mən-Dədə Qorqud” layihəsi YUĞ Teatrının yaradıcısı Vaqif İbrahimoğlunun 75 illiyinə həsr edilir. Bu layihədə “Kitabi-Dədə Qorqud” dastanının 12 boyu əsasında tamaşalar hazırlanacaq. Tamaşalara Vaqif İbrahimoğlunun teatr məktəbini keçmiş rejissor tələbələri quruluş verəcək.

Vaqif İbrahimoğlunun yaradıcılığında dəfələrlə müraciət etdiyi ədəbi məxəzlərdən biri də ümumtürk mədəni abidəsi olan “Kitabi- Dədə Qorqud” eposudur. YUĞ Teatrının “Oğul”, “Xatun”, “Dürlü xəbər” tamaşaları  məhz qədim eposumuzun müxtəlif boylarının motivləri əsasında hazırlanıb. Milli teatrın unikal poetikasını yaratmaq uğrunda mərhum rejissor “Kitabi-Dədə Qorqud”un fəlsəfi-estetik potensialını yüksək qiymətləndirmiş, eposun motivləri əsasında hazırladığı tamaşalarda dastanın orijinal dilini, üslub xüsusiyyətlərini saxlamışdı.

“Mən-Dədə Qorqud: Epizod 1. Başlanğıc” tamaşası ilk dəfə oktyabrın 16-da Meksikanın Metepek şəhərində təşkil edilən Kimera Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalında nümayiş edilib.

Nailə Qasımova,

Medianews.az

Bizə qoşulun