Medianews.az
Luvr muzeyi daha bir qalmaqalla
76 baxış

Luvr muzeyi daha bir qalmaqalla gündəmdə

Parisdəki Luvr Muzeyində genişmiqyaslı bilet saxtakarlığı şəbəkəsi zərərsizləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “France 24” məlumat yayıb.

Bildirilib ki, muzey rəhbərliyinin polisə müraciətindən sonra başlanan istintaq nəticəsində mütəşəkkil və geniş yayılmış saxtakarlıq sxemi aşkar edilib.

Araşdırma çərçivəsində Luvr Muzeyinin iki əməkdaşı da daxil olmaqla, ümumilikdə 9 nəfər saxlanılıb. Onlar saxta və ya qanunsuz yollarla əldə edilmiş biletlərin satışı vasitəsilə ziyarətçiləri aldatmaqda şübhəli bilinirlər.

“Le Parisien” qəzetinin yazdığına görə, şəbəkə 2024-cü ilin yayından fəaliyyət göstərib və əsasən, çinli turistləri hədəf alıb. İddialara əsasən, şübhəlilər muzeyə giriş biletlərini qeyri-qanuni şəkildə sataraq maddi qazanc əldə ediblər.

Hazırda faktla bağlı istintaq davam edir. Fransa hüquq-mühafizə orqanları hadisənin təfərrüatını araşdırır.

Xatırladaq ki, bu, muzeylə bağlı ilk qalmaqal deyil. Oktyabrın 19-da naməlum şəxslər Luvr muzeyinə daxil olaraq cəmi yeddi dəqiqə ərzində imperator Napoleonun kolleksiyasına daxil olan 9 əşyanı oğurlayıblar. Həmin əşyaların ümumi dəyəri 88 milyon avro qiymətləndirilir.

Bizə qoşulun