Türkiyə televiziya tarixinin ən çox müzakirə olunan layihələrindən biri olan Kurtlar Vadisi illər sonra yenidən gündəmə gəlib.
Medianews.az xəbər verir ki, bu dəfə səbəb isə iki tanınmış aktyorun serialla bağlı səsləndirdiyi tənqidi fikirlərdir.
Veteran aktyor Selçuk Yöntem serialın ilk mövsümlərinin dövlət-mafiya münasibətlərinə fərqli yanaşma gətirdiyini desə də, cinayətkar obrazların cəzalandırılmamasının gənclərə mənfi təsir göstərə biləcəyini vurğulayıb. Onun sözlərinə görə, bu cür təqdimatlar gənc auditoriyada yanlış təsəvvür formalaşdıra bilər.
Digər tanınmış aktyor Zafer Ergin isə illər əvvəl verdiyi açıqlamalarla yenidən diqqət mərkəzinə düşüb. O bildirib ki, “Kurtlar Vadisi”ni prinsiplərinə görə tərk edib və serialı “zərərli” hesab edib. Ergin qeyd edib ki, layihənin pis vərdişlərə təşviq etdiyini düşündüyü üçün yüksək qazanc imkanlarına baxmayaraq ayrılmaq qərarı verib.
Aktyor həmçinin bəzi həmkarlarının bu qərarına görə onu tənqid etdiyini açıqlayıb. “Pul deyil, prinsiplərim var. Televiziya güclü bir silahdır”, – deyə o əlavə edib.
Qeyd edək ki, Selçuk Yöntemin son açıqlamalarından sonra Zafer Erginin bu fikirləri sosial mediada yenidən geniş müzakirələrə səbəb olub.