Medianews.az
Klub turnirlərinin sxemində yenilik
119 baxış

Klub turnirlərinin sxemində yenilik

UEFA-nın klub turnirlərinin 2026-2027 mövsümünün yenilənmiş sxeminə görə, Çempionlar Liqasına 82, Avropa Liqasına 45, Konfrans Liqasına 111 komanda buraxılacaq.

Medianews.az bildirir ki, hər üç turnirdə dörd təsnifat mərhələsi var. Çempionlar Liqasının birinci mərhələsində ələnənlər Konfrans Liqasına, qalan mərhələlərində ələnənlər Avropa Liqasına köçəcək, Avropa Liqası təsnifatlarında ələnənlər Konfrans Liqasına adlayacaq.

36 komandalıq liqa mərhələlərində ilk 8 pilləni tutanlar 1/8 finala, 9-24-cü yerləri tutanlar 1/16 finala çıxacaq.

2025-2026 mövsümündə Azərbaycan çempionu olan “Sabah” Çempionlar Liqasına birinci mərhələdən başlayacaq.

Ölkə kubokunun sahibi üçün start Avropa Liqasının birinci mərhələsində, bürünc medalçı üçün Konfrans Liqasının birinci, gümüş medalçı üçün ikinci mərhələsində nəzərdə tutulur.

Milli çempionatın yüksək dəstəsində 2-5-ci pillələri bu komandalar tutur: “Qarabağ”, “Turan Tovuz”, “Neftçi”, “Zirə”.

Azərbaycan kubokunun finalına “Sabah” və “Zirə” yüksəlib. Çempion “Sabah” həm də kubok sahibi olsa, Avropa Liqasında ölkəni gümüş medalçı təmsil edəcək. Bu halda çempionatı dördüncü pillədə başa vurmuş komanda da bürünc medalçı ilə yanaşı Konfrans Liqasında yarışacaq.

Baş turnirə - Çempionlar Liqasına dəvət alan komandaların 29-u liqa mərhələsində start götürəcək. Bu raundda İngiltərə və İspaniyadan 5, İtaliya və Almaniyadan 4, Fransadan 3, Niderlanddan 2, Portuqaliya, Belçika, Çexiya və Türkiyədən 1 komanda olacağı dəqiqləşib.

Avropa Liqasının 2025-2026 mövsümünün qalibi də liqa mərhələsində start götürür, ancaq həmin komanda turnirə ölkə çempionatının nəticəsinə görə çıxsa, sxem bir daha yenilənəcək.

Medianews.az

Bizə qoşulun