Ukrayna paytaxtının meri Vitali Kliçko nüfuzlu "Financial Times" qəzetinə verdiyi müsahibədə Kiyevin fəaliyyətinin tamamilə dayanmaq təhlükəsi ilə üzləşdiyini bəyan edib.
Medianews.az Musavat.com-a istinadla xəbər verir ki, paytaxt rəhbəri şəhərin artıq fəlakət həddini keçdiyini və hər an sistemin tamamilə çökə biləcəyini vurğulayıb.
Kliçkonun sözlərinə görə, son iki ay ərzində Rusiyanın enerji sektoruna və kritik infrastruktura endirdiyi intensiv zərbələr Kiyevi iflic vəziyyətinə salıb. Mer qeyd edib ki, hazırda şəhər rəhbərliyi və mühəndislər hər gün su, istilik və elektrik enerjisi təchizatını minimum səviyyədə saxlamaq üçün qeyri-insani səylər göstərirlər, lakin resurslar tükənmək üzrədir.
"Biz fəlakətin astanasındayıq. Bu, sadəcə hərbi yox, həm də humanitar bir fəlakətdir," — deyən Kliçko, beynəlxalq birliyi Kiyevin mülki infrastrukturunu qorumaq üçün təcili hava hücumundan müdafiə sistemləri və texniki avadanlıq göndərməyə çağırıb.
Ekspertlər hesab edirlər ki, əgər paytaxtın enerji sistemi tamamilə çökərsə, bu, milyonlarla insanın şəhərdən kütləvi təxliyəsinə və Ukraynanın müdafiə qabiliyyətinin ciddi şəkildə zəifləməsinə səbəb ola bilər.