Bir çoxumuz onu “Yol əhvalatı” filmindəki “Fərid” obrazı ilə tanıyırıq. O, filmdə rejissor assistenti idi. Əslində “Fərid”i müğənni Elxan Əhədzadə canlandırmalı imiş. Ancaq müğənni həmin gün çəkilişə gəlməyib, məlum olub ki, o, heyətdən xəbərsiz qastrola gedib. Səfər qəfil baş tutduğu üçün bunu demək imkanı da olmayıb. Buna görə də ikinci rejissor Rafiq Dadaşov deyib ki, Elxan yoxdursa, “Fərid” obrazına Yusif Əlizadə çəkilsin.
Bəli, söhbət tamaşaçı sevgisi qazanan, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, aktyor, rejissor Yusif Əlizadədən gedir. 79 yaşlı sənətkardan uzun müddətdir ki, xəbər yoxdur.
Medianews.az xəbər verir ki, Musavat.com-un əməkdaşı aktyorla əlaqə saxlayıb.
- Yusif bəy necəsiniz, hazırda nə işlə məşğulsunuz?
- Evdəyəm, pensiyaçı həyatı yaşayıram. Efirə, kinoya çağıran yoxdur. Çağırsalar, kinoya çəkilərəm, efirlərə müsahibə verərəm. Çağırmırlarsa, nə edə bilərəm ki... 5-6 il olar ki, kitab da çap etdirmirəm. Kitablarımı öz puluma çap etdirmişəm. Onları kitab mağazalarına verirdim və deyirdim ki, satışdan siz də faizinizi götürün. İndi onu da etmirəm.

- Nə ilə bağlı yazırdınız ki?
- 6 kitab çap etdirmişəm. Onlardan dördü roman, biri povest, biri isə poemadır. Yazdıqlarım memuar xarakterlidir: kinoda gördüklərim, çəkiliş zamanı yaşananlar və s.
- Yaradıcılığa bağlı insansınız, sizə indiyə kimi niyə kino və ya serial təklifi edən olmayıb?
- Etmirlər. Təklif olsa, məmnuniyyətlə razılaşaram. Aktyorlardan da heç kimlə əlaqəm yoxdur. Mənim tanıdığım kino adamlarının çoxu qalmayıb, rəhmətə gedib. Kinoda hər şeyin ləzzəti qaçıb.
- Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevlə əlaqəniz var?
- Mən kino sahəsində işləyəndə əlaqəmiz var idi, çağırırdım, gəlib kinoya çəkilirdi. İndi isə yaxınlığımız yoxdur.

- Bəlkə yaş faktoruna görə sizi filmə və ya seriala dəvət etmirlər...
- Mən özümü o dərəcədə qoca saymıram. Düşünürəm ki, müstəqillikdən sonra məni kinoya çağırmamalarının səbəbi millətçi olmağım idi. Belə ki, 1990-1991-ci illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından ermənilərin çıxarılmasını mən təşkil etdim. Onları işdən çıxardım, otaqlarının da açarlarını azərbaycanlılara verdim.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının keçmiş sədri Şəfiqə Məmmədova məni millətçi olduğuma görə sevmirdi. O, Dərbənddə doğulub, ata və babası ləzgi olub. Buna görə də millətçi azərbaycanlını sevməzdi. Şəfiqə Məmmədova mənim kim olduğumu bilirdi deyə kinoya yaxın buraxmırdı. O, mənə düşmən münasibəti bəsləyirdi və heç vaxt ad almağıma imkan verməzdi.
Qeyd edək ki, Yusif Əlizadə 1 iyul 1947-ci ildə anadan olub. 1970-1973-cü illərdə görkəmli pedaqoq Adil İsgəndərovun aktyorluq kursunda, 1973-1978-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1973-cü ildən “Azərbaycanfilm” kinostudiyasında çalışan Y.Əlizadə 2006-2009-cu illərdə “Lider” televiziyasında dublyaj rejissoru olaraq çalışıb.
“Azərbaycanfilm”in istehsal etdiyi filmlərin əksəriyyətində (“Arxadan vurulan zərbə”(rejissor assistenti, aktyor (sürücü), “De ki, məni sevirsən! (aktyor (milis işçisi), “Dantenin yubileyi (1978, tammetrajlı bədii film) – rejissor assistenti, “Bizi bağışlayın (rejissor assistenti, aktyor (taksi sürücüsü), “İstintaq” (aktyor (milis), “Yarımçıq qalmış mahnı”(rejissor assistenti, aktyor (zavod işçisi), “Yol əhvalatı”(rejissor assistenti, aktyor (Fərid), “Qorxma, mən səninləyəm” (rejissor assistenti, aktyor, “Musiqi müəllimi” (ikinci rejissor), “Avqust gələndə” (ikinci rejissor, aktyor (kapitan), “Qara gölün cəngavərləri” (ikinci rejissor, aktyor, “Bircəciyim” (ikinci rejissor, aktyor (təhqiqatçı), “Həm ziyarət, həm ticarət”(inzibatçı, aktyor), “Özgə vaxt” (inzibatçı), “Otel otağı” (inzibatçı), “Yalan” (ikinci rejissor) və s.) rejissor assistenti, II rejissor və aktyor kimi iştirak edən Yusif Əlizadə tamaşaçı yaddaşında daha çox “Yol əhvalatı” filmindəki “Fərid” kimi qalıb.