Medianews.az
Vergi, bank və gömrük qanunlarında dəyişikliklər:
98 baxış

Vergi, bank və gömrük qanunlarında dəyişikliklər: İkinci oxunuş kontekstində hüquqi qiymətləndirmə

Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Banklar haqqında” və “Gömrük tarifi haqqında” qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) konkret hüquqi mexanizmlərin dəqiqləşdirilməsini və tətbiq zamanı üzə çıxmış boşluqların aradan qaldırılmasını nəzərdə tutur.

Layihə, mahiyyət etibarilə, mövcud normativ tənzimləmələrin aktual iqtisadi və inzibati reallıqlara uyğunlaşdırılması məqsədi daşıyır.

İkinci oxunuş mərhələsi normanın istiqamətinin deyil, onun praktik tətbiq imkanlarının və hüquqi aydınlığının qiymətləndirildiyi mərhələdir.

Bu baxımdan layihədə təklif olunan dəyişikliklər əsasən üç istiqamətdə cəmləşir: elektron ticarət və qeyri-rezidentlərin vergiyə cəlb edilməsi, dövlət vəsaiti ilə işləyən qurumların bank hesabları üzrə müşahidə mexanizmləri, eləcə də raritet avtonəqliyyat vasitələrinin idxalı ilə bağlı xüsusi hüquqi yanaşma.

Vergi Məcəlləsinə dəyişikliklər: elektron ticarət və qeyri-rezidentlər

Vergi Məcəlləsinin 169.8-ci maddəsində aparılan redaksiya dəyişikliyi normanın tətbiq dairəsini daha konkret subyektlərə yönəldir. Ümumi və şərhi xarakter daşıyan ifadənin çıxarılması və onun yerinə vergi orqanlarında uçotda olmayan şəxslərin elektron ticarət fəaliyyəti üzrə birbaşa istinadın verilməsi normanı izah xarakterli müddəadan konkret hüquqi qaydaya çevirir. Bu yanaşma elektron ticarət sahəsində uçotdan yayınma hallarının qarşısının alınmasına xidmət edir.

Bununla yanaşı, normanın yalnız “uçotda olmayan” subyektlərə fokuslanması müəyyən risklər yarada bilər. Təcrübədə formal uçota alınmaqla faktiki elektron ticarət fəaliyyətini gizlədən və ya dolayı mexanizmlərlə həyata keçirən hallar da mövcuddur. Bu cür modellərin normanın tətbiq dairəsindən kənarda qalması onun uzunmüddətli təsirini zəiflədə bilər.

Vergi Məcəlləsinin 177.1.4-cü maddəsi ilə qeyri-rezident şəxslər üçün əlavə dəyər vergisinin hər hesabat dövründən sonrakı ayın sonunadək ödənilməsi öhdəliyinin müəyyən edilməsi vergi hüququ baxımından prinsipial dəyişiklikdir. Dövlət bu yanaşma ilə vergi öhdəliyini subyektin fiziki mövcudluğu ilə deyil, faktiki iqtisadi fəaliyyətlə əlaqələndirir. Lakin normanın praktik tətbiqi qeyri-rezidentin ölkə daxilində nümayəndəliyi, bank hesabı və ya icra edilə bilən aktivləri olmadığı hallarda çətinləşə bilər. Bu səbəbdən ödənişin həyata keçirilməsi və onun təmin edilməsi ilə bağlı tətbiq mexanizmlərinin Nazirlər Kabinetinin müvafiq qərarı ilə ayrıca müəyyən edilməsi zərurəti yaranır.

Raritet avtonəqliyyat vasitələri: anlayışın mahiyyəti və beynəlxalq yanaşma

Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” qanuna paralel şəkildə edilən dəyişikliklər raritet avtonəqliyyat vasitələrinin idxalı ilə bağlı xüsusi və məhdudlaşdırılmış güzəşt mexanizmi yaradır. Güzəştin bir şəxs üçün təqvim ili ərzində bir ədəd, ölkə üzrə isə ümumilikdə on ədəd ilə məhdudlaşdırılması onun kütləvi iqtisadi stimullaşdırma aləti deyil, istisna xarakterli hüquqi mexanizm kimi nəzərdə tutulduğunu göstərir.

“Raritet avtonəqliyyat vasitəsi” anlayışı mahiyyət etibarilə kütləvi istehlak predmetindən kənar olan, tarixi, texniki və ya kolleksiya dəyərinə görə seçilən nəqliyyat vasitələrini ifadə edir. Bu cür obyektlərə münasibətdə fiskal güzəştlərin tətbiqi beynəlxalq praktikada da istisna xarakteri daşıyır və ciddi meyarlarla müşayiət olunur.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) fiskal şəffaflıq və vergi xərcləri üzrə yanaşmasına görə, selektiv güzəştlər yalnız obyektiv və əvvəlcədən müəyyən edilmiş meyarlar əsasında tətbiq edildikdə əsaslandırılmış hesab edilə bilər. Əks halda bu cür mexanizmlər inzibati orqanlar üçün geniş diskresion imkanlar yaradır, hüquqi müəyyənliyi zəiflədir və bərabərlik prinsipinin pozulması riskini artırır.

Bu baxımdan, “raritet avtonəqliyyat vasitəsi” anlayışının qanunun özündə ümumi çərçivədə müəyyən edilməsi, texniki və prosedur məsələlərinin isə Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənməsi hüquqi baxımdan daha balanslı yanaşma olardı.

“Banklar haqqında” qanuna dəyişikliklər: müşahidə funksiyası və səlahiyyət hədləri

“Banklar haqqında” qanuna əlavə edilən 41.2.9-1-ci maddə dövlət orqanlarının, dövlət mülkiyyətində olan və dövlət büdcəsindən maliyyə vəsaiti alan qurumların bank hesabları üzrə müşahidə funksiyalarının həyata keçirilməsini nəzərdə tutur. Bu dəyişiklik klassik ex-post auditdən (yəni sonradan aparılan audit və yoxlama mexanizmlərindən) fərqli olaraq, daha erkən mərhələdə maliyyə nəzarətinin təmin edilməsinə yönəlib.

Bununla belə, “müşahidə funksiyası” anlayışının hüquqi məzmunu normada kifayət qədər dəqiq göstərilmədikdə, bank sirri ilə nəzarət səlahiyyətləri arasında hədlərin necə müəyyən ediləcəyi sual doğurur. Müşahidənin yalnız məlumatların monitorinqi ilə məhdudlaşması, yoxsa əməliyyatlara təsir imkanlarını da əhatə etməsi aydın olmadıqda, hüquqi qeyri-müəyyənlik yaranır. Eyni zamanda, “dövlət büdcəsindən maliyyə vəsaiti alan digər təşkilatlar” anlayışının genişliyi müxtəlif hüquqi statuslu subyektlərin eyni nəzarət rejiminə düşməsi riskini artırır.

Bu səbəbdən səlahiyyətlərin hüdudlarının və müşahidə funksiyasının məzmununun daha aydın şəkildə müəyyən edilməsi hüquqi baxımdan məqsədəuyğun hesab edilə bilər.

Təklif edilən dəyişikliklər ümumilikdə mövcud hüquqi mexanizmlərin müəyyən sahələrdə dəqiqləşdirilməsinə və tətbiqdə üzə çıxmış problemlərin aradan qaldırılmasına yönəlib. Layihənin əsas riskləri konseptual deyil, anlayışların dəqiqliyi və tətbiq mexanizmlərinin aydınlığı ilə bağlıdır.

İkinci oxunuş mərhələsi bu baxımdan həlledici əhəmiyyət daşıyır. Əgər anlayışlar qanun səviyyəsində kifayət qədər aydınlaşdırılar, tətbiq mexanizmləri Nazirlər Kabinetinin müvafiq qərarları ilə konkretləşdirilər və nəzarət səlahiyyətlərinin hədləri açıq şəkildə göstərilərsə, bu dəyişikliklər real və dayanıqlı hüquqi nəticə verə bilər. Əks halda normativ mətn praktiki təsiri məhdud olan ümumi tənzimləmə səviyyəsində qalmaq riski daşıyacaq.

Əliməmməd Nuriyev,
“Konstitusiya” Araşdırmalar Mərkəzinin prezidenti

 

Bizə qoşulun