Azərbaycanın bir sıra rayonlarında su quyuları qazılıb, ağzı sementlənib və sonra bulağa çevrilən zaman "yanar bulaq" halı da müşahidə edilir.
Bununla bağlı mənə sual edirlər ki, nədən hökumət oralarda qazın məişətdə istifadəsi üçün addımlar atmır.
Onu deyim ki, bəli, belə hallarla insanların üzləşməsinə dair sosial-şəbəkələrdə foto və video materiallar ara-sıra paylaşılır. Bəs metan qazı belə hallarda haradan əmələ gəlir ki, Yer səthinə sızmağa başlayır?
Adətən onun əmələ gəlməsinin iki mənbəyi olur:
1) dayaz dərinliklərdə üzvü maddələrin parçalanması nəticəsində əmələ gələn qazlar;
2) tektonik mikro xətlərlə Yer səthinə miqrasiya edən lokal aşağı təzyiqli qazlar.
Geoloqlar bu cür halları nəzarətdə saxlayır, tədqiq edirlər. Bu yaxınlarda Hacıqabul rayonu ərazisində palçıq püskürməsi nəticəsində qazın alovlanması ilə bağlı ictimailəşdirilən rəsmi məlumatlar bunun bariz bümunələrindən biridir.
Bu baxımdan hökumətin "yanar bulaqlar"a münasibəti ondan qaynaqlanır ki:
- o tip qazların mənbəyi yataq deyil, geoloji anomaliyalardan qaynaqlanan hadisələrdi;
- həmin qaz həcmləri çox halda həddən ziyadə kiçik həcmli olur.
Ona görə də aşağı təzyiqli qazlardan lokal istifadə üçün dayanıqlığa zəmanət olmur və adətən, iqtisadi cəhətdən səmərəli deyil.
İlham Şaban,
Neft Araşdırmaları Mərkəzinin rəhbəri