Medianews.az
Elza Dəniz Nur ilə Eldəniz…
76 baxış

Elza Dəniz Nur ilə Eldəniz…

Eyni torpağın övladları, eyni səmanın altında boy atmış iki ürək. Qəbələ rayonunun Vəndam qəsəbəsi onların uşaqlıq addımlarını, ilk baxışlarını, səssiz andlarını qoruyub saxlayan müqəddəs bir şahiddir. O küçələrdə sevgi pöhrələnmişdi, o dağların ətəyində gələcək qurulmuşdu.

Onlar bir-birini sevən iki gənc deyildilər sadəcə. Onlar əhd etmişdilər. Həyatın hər üzünə birlikdə sinə gərəcək, bir ocaq quracaq, bir ömrü paylaşacaqdılar. Elza şeir yazacaqdı, Eldəniz isə o şeirlərin qəhrəmanı olacaqdı.

Amma Vətən çağıranda sevgi susur, söz geri çəkilir, qadın ürəyi öz ağrısını torpağa əmanət verir.

14 fevral 1993-cü il…

O tarix ki, kimlər üçün ümid, kimlər üçün sevgi günü idi. Amma Elza üçün bir ömrün acı sonatası oldu. Eldəniz şəhid oldu. Torpaq bir igidi bağrına basdı. Həmin gün torpağa təkcə bir əsgər yox, bir gəlinin ağ libası, bir qurulmamış ocağın işığı, bir qadının gülüşü də verildi.

Elza isə geri qayıtmadı.

O gündən zaman onun üçün dəyişmədi. İl dəyişdi, gün dəyişmədi. Fevralın ayazı onun taleyinə köçdü. Şinelin qoxusu, qarın üstündəki addım səsləri, uzaqdan gələn əsgər nəfəsi, hamısı bir anın içində donub qaldı.

O yazır: “Sən şəhid olan gündən geri qayıtmamışam…”

Və həqiqətən də qayıtmadı.

O, başqasına könül vermədi. Çünki onun üçün sevgi bir dəfə idi. Bir dəfə deyilən ad, bir dəfə edilən and. Onun sevgisi yarımçıq qalmadı, əksinə, ucaldı. Şəhid zirvəsinə qalxdı.

Elza xanım şairədir. Amma o, şeiri söz üçün yazmadı. O, şeiri yaşadığı üçün yazdı. Yazdığı misraların sözü Eldəniz oldu, ruhu isə özü. Hər ağıda onun adını eşitdi. Hər şəhid xəbərində eyni qoxunu hiss etdi. Çünki o, bir anın içində ilişib qalan sevginin və Vətənin kəsişdiyi yerdə dayanmış QADINDI.....

Bu, təkcə həsrət deyil.

Bu, sədaqətin 33 illik səssiz andıdır.

Hamı bahara gülümsəyəndə o, payızı seçdi. Çünki onun baharı torpağa tapşırılmışdı. O, Vətən sağ olsun dedi, amma bu sözün ağırlığını ömrü ilə daşıdı.

Şəhidlər səngərdə qəhrəman olurlar.

Amma onların arxasında qalan qadınlar, ömrünü həsrətə çevirənlər, səssiz qəhrəmanlardır.

Eldəniz torpağa qovuşdu.

Elza isə sevgini torpaq qədər müqəddəs bildi.

33 ildir bir qadın sübut edir ki, vətənpərvərlik təkcə silah tutmaq deyil. Bəzən vətənpərvərlik, sevdiyini Vətənə qurban verib, bir ömür boyu o sevgiyə sadiq qalmaqdır.

Sevgi əgər Şəhid qanı ilə möhürlənibsə heç vaxt ölmür.

Sarvan Səmədoğlu

Bizə qoşulun