Medianews.az
Keçmiş deputatın əmlakları müsadirə olunur -
176 baxış

Keçmiş deputatın əmlakları müsadirə olunur - Azərbaycanın tərəfini tutmaqda suçlanmışdı

Rusiya Baş Prokurorluğu Dağıstandan olan siyasətçi, Dövlət Dumasının keçmiş deputatı Rizvanhacı İsayevə və onun ailəsinə məxsus 10 milyard rubl dəyərində aktivlərin müsadirə olunaraq dövlət büdcəsinə yönəldilməsi tələbi ilə məhkəmədə iddia qaldırıb.

Medianews.az Rusiyanın RBK kanalına istinadla xəbər verir ki, iddiada İsayevlərin “Qaztransbank”, “Sentr-Otel”, “Ars Kapital”, “Helios” və bir istilik ötürmə şirkətindəki paylarının, həmçinin Moskvada, Dağıstanda və Krasnodar vilayətindəki torpaq sahələrinin, yaşayış evlərinin müsadirəsi tələbi qoyulub.

Prokurorluq iddia edir ki, Rizvanhacı İsayev Rusiya Dövlət Dumasının deputatı seçiləndən sonra nəzarətində olan şirkətlər vasitəsilə torpaq sahələrini, bələdiyyə obyektlərini qanunsuz yolla mənimsəyib.

Məhkəmənin martın 10-da başlanacağı deyilir.

Medianews.az bildirir ki, Rizvanhacı İsayev 1960-cı ildə Dağıstanın Qunib rayonunun Soqratl kəndində doğulub. V çağırış Dövlət Dumasının (2007-2011) deputatı olub.

2011-ci il iyunun 17-də o, Dövlət Dumasında “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında müqavilə” ratifikasiya edlərkən sənədin lehinə səs verəndən sonra Rusiyanın Federal Ləzgi Milli-Mədəni Muxtariyyətinin saytında tənqid olunub. Saytda yerləşdirilən yazıda Rizvanhacı İsaev Azərbaycanın maraqlarını “Dağıstandakı ləzgilərin maraqlarından üstün tutmaqda” ittiham edilib.

“Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında müqavilə” Rusiya, Azərbaycan və Gürcüstan dövlət sərhədlərinin birləşdiyi nöqtədən Xəzər dənizinə qədər ümumi quru sərhədin keçdiyi xətti təsbit edir. Müqaviləyə qoşma sənədlərdə qeyd olunur ki, bu xətt keçmiş Dağıstan MSSR və keçmiş Azərbaycan SSR arasında inzibati sərhədə uyğundur. Rusiya-Azərbaycan sərhədinin demarkasiyası zərurəti ondan irəli gəlib ki, SSRİ dağılandan sonra bu iki dövləti bir-birindən keçmiş müttəfiq respublikalar arasında inzibati sərhəd ayırırdı.

Müqavilə 2011-ci il iyunun 17-də Dövlət Dumasında səsverməyə çıxarılarkən Rusiya prezidentinin rəsmi nümayəndəsi, xarici işlər nazirinin müavini, stats-sekretar Qriqori Karasin sənədin ratifikasiya olunmasının zəruriliyi haqqında geniş məruzə ilə çıxış edib. Sənədin ratifikasiyası ilə bağlı MDB məsələləri və həmvətənlərlə əlaqələr üzrə komitənin sədri Aleksey Ostrovskinin də əlavə məruzəsi dinlənilib. Dövlət Dumasının 313 deputatı bu sənədin qəbul edilməsinin lehinə, 63 deputatı isə əleyhinə səs verib.

Medianews.az

Bizə qoşulun