Medianews.az
Kainatın sonu yenidən
94 baxış

Kainatın sonu yenidən hesablandı.

Yeni elmi araşdırma kainatın sonu ilə bağlı indiyədək qəbul edilən təsəvvürləri dəyişdirə bilər. Alimlərin yenilənmiş hesablamalarına görə, kainatın sonu əvvəllər düşünüldüyündən daha erkən baş verə bilər.

Medianews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Donostia Beynəlxalq Fizika Mərkəzi tədqiqatçılarının apardığı araşdırmaya əsasən, kainatın Böyük Partlayışdan təxminən 33,3 milyard il sonra sona çatması ehtimalı irəli sürülür.

Kainatın hazırkı yaşı 13,8 milyard il hesab edildiyinə görə, bu ssenariyə əsasən, təxminən 20 milyard il vaxt qalır.

Araşdırmada əsas diqqətçəkən model “Böyük Çöküş” (“Big Crunch”) ssenarisidir. Bu nəzəriyyəyə görə, kainatın hazırkı genişlənməsi bir mərhələdən sonra dayanacaq və əks proses başlayacaq. Nəticədə qalaktikalar, ulduzlar və planetlər tədricən bir nöqtəyə doğru sıxılacaq.

Alimlərin fikrincə, bu prosesin son mərhələsində maddə ekstremal sıxlığa çatacaq və kainat nəhəng qara dəliklərə çevrilərək sona yaxınlaşa bilər.

Kainatın taleyini müəyyən edən əsas amil kimi “qaranlıq enerji” göstərilir. Elmi ictimaiyyətdə iki əsas ssenari müzakirə olunur: kainatın sonsuz genişlənməsi və “istilik ölümü”, yaxud genişlənmənin dayanaraq geriyə çevrilməsi.

Son müşahidələr bu balansı dəyişə bilər. Qaranlıq Enerji Tədqiqat Aləti (DESI) tərəfindən aparılan 47 milyon qalaktikanın xəritələşdirilməsi qaranlıq enerjinin sabit olmaya biləcəyini göstərib.

Tədqiqat nəticələrinə görə, qaranlıq enerji zamanla dəyişə bilər. Bu isə kainatın genişlənməsinin yavaşlaması və hətta əks istiqamətə çevrilməsi ehtimalını artırır.

Simulyasiyalar göstərir ki, müəyyən mərhələdən sonra kainatdakı maddə sıxlaşaraq tək bir nöqtədə toplanır. Bu proses “təklik” adlanan son mərhələ ilə nəticələnə bilər.

Alimlər qeyd edirlər ki, bu ssenari hələ tam dəqiqləşdirilməyib və bir neçə alternativ model mövcuddur.

Bizə qoşulun