Türkiyədə İstanbul Baş Prokurorluğu tərəfindən İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı yeni əməliyyat keçirilib.
Medianews.az xəbər verir ki, istintaq çərçivəsində “Ağaç ve Peyzaj A.Ş.” vasitəsilə saxta tender sistemi qurularaq tenderlərin manipulyasiya edildiyi iddia olunur.
Prokurorluğun məlumatına görə, əməliyyat zamanı barələrində həbs qərarı verilən 30 şübhəlidən 29-u saxlanılıb. Xaricdə olduğu bildirilən daha bir nəfərin tutulması istiqamətində işlər davam etdirilir.
Saxlanılanlar arasında İstanbul Böyükşəhər Bələdiyyəsinin baş katibinin müavini Oktay Özel və Parklar və Bağçalar İdarəsinin rəisi Tuğba Ölməz Hancı da var.
Baş Prokurorluğunun açıqlamasında bildirilib ki, araşdırma İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq rəhbəri Əkrəm İmamoğlunun rəhbərliyi dövründə formalaşdırıldığı iddia edilən “cinayətkar təşkilatın fəaliyyəti” ilə əlaqədar aparılır. İddialara əsasən, bələdiyyənin törəmə şirkəti olan “Ağaç ve Peyzaj A.Ş.” üzərindən uydurma tender mexanizmi qurularaq dövlət satınalmalarına müdaxilə edilib.
İstintaq çərçivəsində saxlanılan şəxslər arasında bələdiyyə rəsmiləri, mühəndislər, hüquqşünaslar və müxtəlif şirkətlərin rəhbər şəxsləri yer alır.
Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı korrupsiya ittihamları üzrə daha əvvəl başladılan genişmiqyaslı istintaq çərçivəsində 414 nəfər təqsirləndirilən şəxs qismində tanınıb, onlardan 77-si isə həbsdədir.
Medianews.az