İspaniyada arxeoloji qazıntılar zamanı təxminən 850 min il əvvələ aid Homo antecessor (təqribən 1,2 milyon ilə 800 min il əvvəl yaşamış nəsli kəsilmiş qədim insan növü) növünün qalıqları aşkar edilib.
Medianews.az xəbər verir ki, qazıntılar Atapuerka bölgəsində yerləşən Qran-Dolina mağarasında aparıılıb.
Tapılan sümüklərin üzərində daş alətlərlə kəsilmə izləri müəyyən edilib. Yeni tapıntılar göstərir ki, qədim kannibalizmin qurbanları yalnız uşaqlar və yeniyetmələr deyil, həm də böyüklər olub.
Alimlər bildiriblər ki, insan sümükləri heyvan qalıqları və daş alətlərlə eyni yerdə aşkarlanıb. Araşdırmalar insan və heyvan cəsədlərinin oxşar üsulla parçalandığını göstərir ki, bu da hadisənin əsasən qida məqsədli kannibalizmlə bağlı ola biləcəyini ehtimal etməyə əsas verir.
Tədqiqatçılar hələlik Homo antecessor nümayəndələrinin nə üçün öz növlərini yediklərini və qurbanların eyni icmadan, yoxsa rəqib qruplardan olduqlarını müəyyən edə bilməyiblər. Yeni araşdırmaların bu suallara aydınlıq gətirəcəyi gözlənilir.
Medianews.az