İraqda başladılan genişmiqyaslı yardım kampaniyası çərçivəsində İrana humanitar yardım karvanları göndərilib.
Medianews.az xəbər verir ki, yardım karvanlarında təcili yardım maşınları, tibbi avadanlıqlar, dərmanlar və əsas qida məhsullarının olduğu bildirilib.
Məlumata görə, çoxsaylı yük maşınları və təcili yardım avtomobillərindən ibarət karvanlar İran sərhədinə doğru hərəkət edib və sərhədi keçərək yardımları çatdırmağa başlayıb. Yardımların mütəşəkkil şəkildə göndərilməsi diqqət çəkib.
Rəsmilər bildiriblər ki, göndərilən humanitar yardımlar arasında xəstəxana avadanlıqları, dərmanlar, tibbi ləvazimatlar və ərzaq məhsulları var. Qeyd olunub ki, daha əvvəl də İraqdan İrana yardım yükləri göndərilmişdi.
Məlumata görə, İraqdakı dini qurumların çağırışlarından sonra ölkə daxilində geniş ianə kampaniyası başladılıb və yardım aksiyasına həm dövlət qurumları, həm də vətəndaşlar qoşulub.
Ekspertlər isə bildirirlər ki, bölgədə davam edən müharibə təkcə hərbi deyil, həm də humanitar böhran riski yaradır. İnfrastruktur ziyanı və logistika problemləri səbəbindən humanitar yardımların çatdırılması getdikcə daha çətin olur.
Bəzi beynəlxalq müşahidəçilər isə qeyd edirlər ki, bölgəyə göndərilən yardım karvanları humanitar məqsəd daşısa da, bu cür addımların siyasi və hərbi nəticələri də ola bilər və məsələ beynəlxalq müzakirə mövzusuna çevrilib.
Medianews.az