İranda Ali Milli Təhlükəsizlik Şurasının öldürülən katibi Əli Laricaninin yerinə sərt mövqeyi ilə tanınan siyasətçi Səid Cəlilinin təyin oluna biləcəyi güman edilir.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, bu ehtimalla bağlı sosial mediada çox sayda paylaşım edilib və mövzu geniş müzakirəyə səbəb olub. Bəzi istifadəçilər qeyd edirlər ki, Cəlilinin bu vəzifəyə gətirilməsi İranın ABŞ ilə mümkün danışıqlar və kompromis ehtimalını azalda bilər.
Onların fikrincə, belə bir təyinat ölkənin "güzəşt yoxdur" xəttinin daha da sərtləşməsi anlamına gələ bilər.
Digər tərəfdən, Laricaninin Qərb ölkələri ilə dialoq aparmaq bacarığı ilə seçildiyi vurğulanır.
Qeyd edək ki, Cəlili 2007-2013-cü illərdə də Ali Milli Təhlükəsizlik Şurasının katibi olub və eyni zamanda, İranın nüvə danışıqları üzrə əsas nümayəndəsi kimi fəaliyyət göstərib.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.