ABŞ hökuməti müharibə şəraitində olmasına baxmayaraq, İranın təxminən 14 milyard dollar dəyərində neftinin dünya bazarına çıxarılmasına faktiki olaraq icazə verib ki, bu da 1996-cı ildən bəri Tehran üçün ən böyük maliyyə güzəşti hesab olunur.
Medianews.az Musavat.com-a istinadən xəbər verir ki, "Axios" nəşrinin jurnalisti Barak Ravid sosial media hesabında bu addımı "İran barellərinin Tehrana qarşı işləməsi" strategiyası kimi qiymətləndirib. Jurnalist ABŞ Maliyyə naziri Skott Bessentin "İran neftinə qoyulan sanksiyaların ləğvi elə İranın özünə qarşı istifadə olunacaq" bəyanatına reaksiya verərək bildirib ki, bu qərar ilk baxışda paradoksal görünür. Çünki ABŞ və İsrail koalisiyası artıq üç həftədir İrana qarşı genişmiqyaslı hərbi əməliyyat keçirir, lakin eyni zamanda düşmənin neft satışına şərait yaradır.
Ekspertlər bu "iqtisadi paradoks"u bir neçə amillə izah edirlər: birincisi, bu addım dünya bazarında neftin qiymətinin kəskin artmasının qarşısını almaq və qlobal enerji böhranını yumşaltmaq məqsədi daşıyır; ikincisi, satışdan əldə olunan vəsaitlərin İranın müharibə xərclərinə deyil, yalnız ciddi beynəlxalq nəzarət altında olan "humanitar və dinc məqsədlərə" yönəldilməsi planlaşdırılır. Beləliklə, Vaşinqton İranın əsas gəlir mənbəyi olan nefti həm bazarı sabitləşdirmək, həm də Tehranın hərbi resurslarını dolayı yolla idarə etmək üçün bir rıçaq kimi istifadə etməyə çalışır.