İranın Küveyt və Bəhreyndəki ABŞ hədəflərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini açıqlamasından sonra Küveyt Beynəlxalq Hava Limanında fövqəladə vəziyyət planı işə salınıb.
Medianews.az xəbər verir ki, Küveyt Mülki Aviasiya Baş İdarəsinin məlumatına görə, hava limanının 1-ci terminalı hücuma məruz qalıb.
Nəticədə bəzi obyektlərə ziyan dəyib, ölən və yaralananların olduğu bildirilib.
Hadisədən sonra hava limanında bütün uçuşlar müvəqqəti dayandırılıb, reyslər isə yaxınlıqdakı hava limanlarına yönləndirilib. Sərnişinlərin və əməkdaşların təhlükəsizliyinin təmin edilməsi üçün fövqəladə tədbirlər görülür.
Səlahiyyətli qurumlar hava limanının fəaliyyətinin bərpası üçün təhlükəsizlik və texniki yoxlamalara başlayıb. Mütəxəssislər dəymiş zərərin miqyasını müəyyənləşdirmək məqsədilə araşdırma aparırlar.
İran İnqilab Keşikçiləri Korpusu ABŞ-nin Keşm adasına hücumuna cavab olaraq Küveytdəki Amerika hərbi obyektlərini yüksək dəqiqlikli raketlərlə vurduğunu bəyan edib. Tehran həmçinin Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının qərargahının da raket və pilotsuz aparatlarla hədəfə alındığını açıqlayıb.
Hücumlardan sonra Bəhreyn ərazisində xəbərdarlıq siqnalları səsləndirilib. Yerli hakimiyyət əhaliyə təhlükəsiz məkanlara getməyi və rəsmi məlumatları izləməyi tövsiyə edib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə İranın hücum cəhdlərinin böyük hissəsinin zərərsizləşdirildiyini bildirib. Məlumata görə, Küveyt istiqamətində atılan iki raket hədəfə çatmayıb, Bəhreynə buraxılan üç raket isə hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.
Bölgədə gərginlik artmaqda davam edir. İran Hörmüz boğazında təhlükəsizliyin pozulmasının ciddi nəticələr doğuracağını bəyan edib, ABŞ isə regionda yüksək hazırlıq vəziyyətinin davam etdiriləcəyini açıqlayıb.