Jurnalistika və bloqerliyin müqayisəsi yenə sosial şəbəkələrdə aktuallaşıb. Bunun bir səbəbi Şuşada keçirilən qlobal media forumuna bloqerlərin dəvət olunması, bir səbəbi isə bu ixtilafın dövri, xroniki səciyyə daşımasıdır.
Bir çoxları kateqorik rəy bildirir: “Azərbaycanda jurnalistika ölüb, yoxdur”; “Azərbaycanda jurnalistika bloqerliyə uduzub” və sair və ilaxır.
“Ölüb” və “uduzub” felləri ağır kəlmələrdir, amma ağır olduğu qədər əsaslı deyil.
Hansısa ləziz qidaların hazırlanması prosesini çəkib göstərənlər, avtomobil markalarının funksionallığından danışanlar, tibbi əməliyyatın incəliklərini gözlər önünə sərənlər, izləyicilərinə eyzən psixoloji tövsiyələr verənlər, getdikləri ölkələrin gəzməli, görməli yerlərindən video paylaşanlar, yanğın, sel və ya texnogen qəza hadisəsinin üstünə çıxan və hadisə yerindən operativ xəbər çatdıranlar, bir sözlə, əlinə smartfon götürərək özlərini, öz hərəkətlərini, vərdişlərini rəqəmsal məkanda dünyaya nümayiş etdirənlər jurnalistikanı əvəz edə, onunla rəqabətə girə bilməzlər.
Ona qalsa, hər gün dünyanın 200 ölkəsində on minlərlə gözəl qadın yarıçılpaq şəkildə kamera qarşısında oturmalarını, rəqslərini, qəhvə içmələrini, erotik yerişlərini, primitiv ssenari üzrə həmcinsləri və ya partnyorları ilə dialoqları çəkir, şəbəkələrdə paylaşır, baxış sayına görə pul qazanırlar. İndi bunları bloqer hesab edək və jurnalistikadan başa keçirək?
Bloqerlər çox və fəaldırlar, buna söz yox. Ortada az məsuliyyət və az zəhmətlə çox pul qazanmaq imkanı da var deyə, bu sahəyə kütləvi axın var. Biri çıxır, özünü səfehliyə qoyaraq ağzına gələni danışır, ya da kamera qarşısında dombalaq aşır, müvafiq video şəbəkəyə düşəndən sonra sürətlə tirajlanır, necə deyərlər, viral olur. Adamın əlinə 3-5 manat pul gələndən sonra öz səfehliklərini davam etdirir – ta insanları bezdirənə qədər.
Jurnalistika bunun nəyinə uduzur? Bu, sadəcə, əllaməlikdir, hoqqa və qaravəlli çıxarmaqdır, ötəri gülüşə səbəb olan müvəqqəti populyarlıqdır.
Yəni bloqerlik haqqında təsəvvürlər bizdə əsasən yanlışdır.
Jurnalistikaya qalib gələn bloqer vaqiəsi illər öncə ABŞ-nin Cənubi Karolina ştatında baş verib. Vil Folks (Will Folks) adlı, təxminən 50 yaşlı təcrübəli jurnalist öz bloqunu yazmağa başlamazdan öncə ştatın ən populyar qəzetinin ("The State") ən tirajlı və ən çox maaş alan yazarı olub. Ancaq bir gün qəzetin sahibi və baş redaktoru qərara alır ki, bu yazara çox maaş verirlər, ona görə də onu işdən kənarlaşdırır, qəzetin büdcəsinə qənaət edirlər. Jurnalist həmkarımız müqavimət göstərmir, başqa media qurumlarında iş axtarmır, öz bloqunu yaradır, yazılarını orada yerləşdirir. Cəmi bir neçə ayın içində adamın bloqunun (fitsnews.com) tirajı ştatın ən populyar qəzetinin tirajını 20 min üstələyir: qəzet 100 min tirajla çıxır, bloqer-jurnalistin izləyicilərinin sayı 120 mini ötür. Həm də bu quruca tiraj olmur, onun bloquna reklamlar verirlər. Hətta ştat qubernatorluğua namizədlər ona rəsmi şəkildə ödəniş edirlər ki, Folks onlardan müsahibə götürsün.
Bu məsələnin sonu necə oldu, deyək. Folks öz bloqunu böyüdüb sayta çevirib, əməkdaşlar cəlb edib. Hazırda bu sayt ştatın ən populyar media qurumlarından biridir.
Yəni jurnalistikadan bloqerliyə adlayan jurnalist dönüb-dolaşıb jurnalistikaya qayıdıb.
Bu baxımdan jurnalistika heç bir ölkədə bloqerllik peşəsinə uduzmaz. Bloqer bir adamdır, qəzet və sayt isə komandadır. Bloqerin çoxunun bir mövzusu var, peşəkar media isə çoxşaxəlidir, hər şeydən və daha peşəkar şəkildə yaza bilir. Bloqeri bir azad dərziyə bənzətsək, saytları, qəzetləri və xəbər agentliklərini də tikiş fabrikinə bənzətməliyik. Bir dərzi fabrikə qalib gələ bilərmi? Heç cür. (Hərçənd bir dərzi-kuturyenin ayda bir dəfə hansısa tikiş fabrikinin istehsal etdiyi kostyumdan daha keyfiyyətli kostyum tikə bilməsi kimi istisna hallar da ola bilər).
Bəzən bloqerlərin yaydığı bir məlumatın peşəkar media üçün ilkin informasiya bazası olması faktı doğrudur. Ancaq həmin məlumatın təfərrüatı, təsdiqlənməsi, ona dair şərhlər, rəylər alınması, ən əsası o məlumatın tirajlanması sırf peşəkar medianın işidir.
“Azərbaycanda jurnalistika ölüb” deyənləri bir az danışdıranda məlum olur ki, ölkədə və dünyada baş verənlərdən, onların mahiyyətindən yaxşı xəbərdardırlar. Bəs onlar bu məlumatları, xüsusilə də onlara aid dərin təhlilləri haradan oxuyub öyrəniblər? Əlbəttə ki, saytlarda çıxan məqalələrin sosial platformalarda paylaşılan linklərindən. Sosial şəbəkələrdə işıq üzü görən hər bir sanballı analitik yazı bloqerlərin yox, ya jurnalist keçmişi olan, ya da hazırda peşəkar media ilə əməkdaşlıq edən politoloqların beyninin məhsuludur.
Jurnalistika ölməyib, yaşayır, sadəcə, fəaliyyət çərçivəsi daralıb, bir az dişləri korşalıb, bir az da yeni dövrün tələblərinə cavab verməkdə çətinlik çəkir.
Jurnalistikanın ölməsi və ya öldürülməsi nəticəsində boş qalan meydanı minlərlə qeyri-ciddi, saçma-sapan məzmunlar paylaşan, söyüş söyən, şantaj edən bloqerlərin tutacağı şəksizdir.
Xalid KAZIMLI