Medianews.az
İran millisi Trampa cavab verdi
106 baxış

İran millisi Trampa cavab verdi

Futbol üzrə İran millisi yayda ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında iştirak etməyəcək.

Bu həftə ABŞ prezidenti Donald Tramp əvvəlcə FİFA-nın rəhbərinə İran futbolçularının çempionatda iştirakının xoş qarşılanacağını demişdi. İran millisi dünya çempionatından imtina edəndən sonra isə Tramp sosial şəbəkədə yazmışdı ki, çempionatda iştirakı İran komandasının təhlükəsizliyi baxımından heç də uyğun saymır.

Medianews.az xəbər verir ki, İranın milli futbol komandası Trampın son açıqlamasına cavab verib.

Komandanın sosial şəbəkə hesabında yerləşdirilən açıqlamada bəyan edilib ki, əslində təhlükəsizliyi təmin edə bilməyən bir ölkə dünya çempionatının ev sahibliyindən məhrum olunmalıdır: “Heç kim İran milli komandasını dünya çempionatından kənarlaşdıra bilməz. Kənarlaşdırılası bir ölkə varsa, o da “ev sahibi” titulunu daşıya-daşıya bu beynəlxalq yarışa qatılacaq komandaların təhlükəsizliyini qorumağa qabil olmayan ölkədir”.

Medianews.az bildirir ki, hazırda çempionata İran millisinin yerinə hansı komandanın gəlməsi ətrafında da müzakirələr intensivləşib.

FIFA İranın boş qalan yerini Asiya Futbol Konfederasiyasının (AFK) təmsilçisi ilə doldurmağa daha çox meyillidir.

Ən real namizədlər kimi Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İraqın adları çəkilir. Hazırda nəzərdən keçirilən əsas ssenarilərdən biri İraqın birbaşa final mərhələsinə buraxılması, onun pley-offdakı yerinin isə BƏƏ-yə verilməsidir.

Digər bir ehtimala görə isə yüksək reytinqə malik BƏƏ birbaşa turnirə qatılmalı, İraq isə əvvəlcədən müəyyən edilmiş pley-off matçını oynamalıdır. Nigeriyanın bu yerə gətirilməsi ideyası səslənsə də, reqlamentə əsasən eyni qitədən əvəzetmə daha məntiqli hesab olunur.

Qeyd edək ki, İran turnirdə Belçika, Misir və Yeni Zelandiya ilə eyni qrupda yer almalı idi.

Medianews.az

Bizə qoşulun