Medianews.az
İran İsraili vurdu:
120 baxış

İran İsraili vurdu: 60 nəfər yaralandı

İranın İsrailin şimalında bir binaya endirdiyi zərbələr nəticəsində təxminən 60 nəfər yaralanıb.

Bu barədə "The Jerusalem Post" qəzeti təcili tibbi yardım xidmətlərinə istinadən məlumat yayıb.

Tibb işçilərinin məlumatına görə, cümə günü səhər tezdən ölkənin şimalını hədəf alan İranın raket hücumunda 58 nəfər yaralanıb. Bir nəfərin vəziyyəti orta-ağır, digər 57 nəfər isə sınmış şüşədən yüngül xəsarət alaraq tibbi yardım üçün yaxınlıqdakı xəstəxanalara təxliyə edilib.

İsrail polisi də əlavə edib ki, zərbə nəticəsində bir binaya ziyan dəyib. Partlayıcı sursatın zərərsizləşdirilməsi üzrə mütəxəssislər hazırda hadisə yerində işləyirlər.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb./oxu.az

Bizə qoşulun