Futbol üzrə Dünya Çempionatının G qrupunda mübarizə aparan İran yığmasının oyunlarını Azərbaycanda da kifayət qədər azarkeş izləyir(di). Cənub qonşularımızın oyunlara mübariz əhval-ruhiyyə ilə çıxması böyük marağa səbəb oldu. Azərbaycanəsilli oyunçuların da təmsil olunduğu yığmanın sonuncu - Misir millisi ilə qarşılaşmasında mübahisəli penalti qərarına üzülənlər də az deyil.
Amma şübhə etmirik ki, əgər İran yığması pley-off mərhələsinə çıxa bilməyəcəksə, o halda İran parlamentində bu məsələyə görə... Azərbaycanı ittiham edən deputatlar tapılacaq. Bu qənaətim bəlkə də bəzilərini təəccüblənə bilərlər. Amma hər halda biz bu vaxta qədər kifayət qədər absurd iddiaların şahidi olmuşuqsa, İran yığmasının üzvünün penaltini qola çevirə bilmədiyinə görə də... Azərbaycanı ittiham edə bilərlər. Məsələn, iddia edə bilərlər ki, sifariş Bakıdan gəlmişdi, İran millisi “ev”ə qayıtsın deyə...Bu vaxta qədər absurdları azmı eşitdik? İsrail, ABŞ raketlər yağdırdı, İrandan Azərbaycanı təhdid bəyanatları yayıldı. Tehranın hava məkanını aşsüzənə döndərən “düşmən” təyyarələrinə “güldən artıq” söz deyə bilməyənlər Bakını “yer üzündən silərik” deyə, təhdidlərə başladılar. Müharibədə gizlənməyə yer axtaranlar gün üzünə çıxan kimi ABŞ və İsraili yox, Azərbaycanı hədələdilər...

Budur, İranın keçmiş xarici işlər naziri Kemal Xərrazinin qardaşı oğlu və Fransadakı keçmiş səfir Sadiq Xərrazi əmisinin ölümü ilə bağlı tamamilə fərqli və sensasion iddia ilə çıxış edib və məlum olub ki, Kemal Xərrazi heç aldığı yaralardan deyil, inhalyasiya yolu ilə zəhərlənmə nəticəsində dünyasını dəyişib, yəni faktiki olaraq kəşfiyyatın əli ilə aradan götürülüb. Yəni İran daxilində bu qədər faktiki olaraq anti-İran, anti-müsəlman və anti-xalq çevrələrin olmasına görə həm də cavabdehlik daşıyan İran parlamentinin üzvləri nədənsə hər vəchlə Azərbaycan Respublikasını müxtəlif məsələlərə görə ittiham etməkdən sanki zövq alırlar və münasibətləri pozmaqdan ötrü katalizator rolunu oynayırlar.

Bir müddət əvvəl İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Əbülfəz Zöhrevənd Azərbaycan əleyhinə sərt təhdidlərlə çıxış etmişdi. Bundan sonra İran parlamentinin daha bir üzvü Kamran Qazanfəri də Azərbaycanı heç bir əsas olmadan hədələyib. İranlı deputat iddia edib ki, İran vaxtilə Bakıya hərbi zərbələr endirməyi planlaşdırırmış, lakin Pezeşkian bunun qarşısını alıb. Niyə zərbələr endirilməli idi? Bu suala cavab yoxdur. Həm də İranı xilas etməyə çalışan Pezeşkianı günahlandırır bu “süni zəka sahibləri”.
Belə görünür ki, qonşuluqda yersiz və əsassız yerə Azərbaycanı hədəfə almaq şakəri mövcuddur. Qəribəsi budur ki, bütün bunlar iranlı spikerin Bakı səfərindən sonra da dayanmır. Bir neçə gün öncə İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Bağır Qalibaf Azərbaycana səfər etdi və Bakıda keçirilən beynəlxalq tədbir çərçivəsində həm Azərbaycanın Prezidenti, həm də Milli Məclisinin sədri ilə görüşlər keçirdi.
Hər iki görüşdə, o cümlədən tədbirdəki açıqlamalarında Azərbaycana, Prezident İlham Əliyevə təşəkkürlərini ifadə etdi. İranın məruz qaldığı müharibə dönəmində ölkəsinin dost və düşmənini tanıdığını bildirdi və həm dini lider Əli Xameneinin, həm də digər rəsmi şəxslərin həlak olması ilə nəticələnən faciələrə görə Azərbaycanın tutduğu mövqeyə, o cümlədən Prezidentin mövqeyinə təşəkkürlərini ifadə etdi. Yeganə dövlət başçısı olaraq İran səfirliyinə başsağlığı üçün getməsi faktı xatırlandı.

Üstəlik, Azərbaycanın İrana humanitar yardım göstərən az sayda ölkələrdən biri olması vurğulandı və buna görə Qalibaf Azərbaycana minnətdarlığını ifadə etdi. Həmçinin ölkələrimiz arasında münasibətlərdən məmnunluğunu dəfələrlə vurğuladı və o zamanda bir yazımız olmuşdu ki, əgər İran parlamentinin sədri ölkəsinin müharibə dövründə dost və düşmənini tanıdığını deyirsə, bundan sonra Tehrandan və digər ünvanlardan səslənən anti-Azərbaycan bəyanatlarına son qoyulacaqmı?
Görünür, təxminimizdə və bu sualın qoyuluşunda yanılmamışıq. Bir neçə gün keçdi və növbəti təhdidlər, özü də qəbul olunmaz təhdidlər ölkəmizə ünvanlandı.
Əslində bunun bir səbəbi də odur ki, İran parlamentində anti-Azərbaycan, Azərbaycana düşmən mövqeyində olan şəxslərin əsaslı arqumentlərlə susturulmasına yönəlik tədbirlər görülmür. Ən azı rəhbərlik etdiyi parlamentdə Azərbaycana ünvanlı əsassız iddialara son qoyulmasını tələb etməli və bununla bağlı ən azı intizam tədbirlərinin görülməsinə qərar verməlidir. Çünki bu təhdidlər iki ölkə arasında münasibətlərə ciddi şəkildə zərbə vurur.
Həm də Azərbaycanın tutduğu ədalətli, prinsipial yola qarşılıq sayıla bilməz, adekvat münasibət sayıla bilməz. Azərbaycan bir sıra hallarda illər boyunca İranla bağlı planlarda yer almamaqda israrlı olub və əməkdaşlığın, normal münasibətlərin, dinc qonşuluq siyasətinin davamına yönəlik siyasətini, mövqeyini davam etdirib. Azərbaycan hətta Naxçıvana dron hücumundan sonra da məsələlərin aydınlaşdırılmasını ciddi şəkildə tələb etsə də, daha radikal addımlara ehtiyac duymadı.
Və təmkinini pozmayaraq yenə də anti-İran koalisiyasında hansısa bir formada iştirakçı zəruri saymadı. Və bu da İran Prezidenti, İranın rəsmi şəxsləri, o cümlədən Qalibaf tərəfindən qiymətləndirilir, etiraf olunur, Azərbaycanın tutduğu bu mövqe təqdir olunur. Belə olduğu təqdirdə İran parlamentinin deputatları Kamran Qazanfəri, Zöhrevənd və digərlərinin Azərbaycana qarşı yersiz bəyanatlarına rəvac verən kimlərdir və hansı səbəblərdir? Çox təəssüf ki, bununla bağlı suallarımız hələ ki cavabsızdır.
Azərbaycan həm ötən il 12 günlük müharibə zamanı, həm də bu il təqribən 40 gün çəkən müharibə vaxtı və həm fasilələr zamanı, həm də ondan sonrakı dönəmlərdə İranla bağlı sülh danışıqları ilə problemin həllinə yönəlik mövqe ortaya qoyub və tərəflərə çağırışlarını hər zaman səsləndirib. Həm də dinc sakinlərin zərər görməməsi üçün bütün mümkün əlaqələrdən istifadə edərək mövqeyini çatdırıb, həm ABŞ-yə, həm İsrailə ünvanlı mesajlarında, həm də İran əhalisinin yarıdan çoxunun Azərbaycan türkü olması faktı da hər zaman Azərbaycan üçün, rəsmi Bakı üçün çox ciddi bir amil olub. Ona görə də bu humanist siyasətin qarşılığında Bakıya zərbə endirilməsi planı ilə bağlı sərsəm açıqlamalara hansı qüvvələrin rəvac verməsi heç şübhəsiz ki, ciddi şəkildə araşdırılası mövzudur.
Azərbaycanla indiyə qədər İrandakı radikallar hansı pisliklər görürlər ki, bu kimi yersiz iddialarla çıxış edirlər. Bu günlərdə İranın vizsi prezidenti Həmid Purməhəmmədi Ermənistanda səfərdə oldu. Rəsim məlumatlarda bildirilirdi ki, Purməhəmmədi İrəvanda, Nikol Paşinyanla görüşüb, hətta TRİPP marşrutu müzakirə mövzusu olub.

Məntiqlə, indiki halda Ermənistana yönəlik sərt iddiamlar səsləndirilməli idi, əgər İranda doğrudan da ciddi şəkildə narahatlıq var edirsə. Əgər dost-düşmən seçimi ilə bağlı qənaət hasıl olubsa, o halda İran bir neçə gün əvvəl Ermənistanda keçirilən NATO təlimləri, ABŞ, Yunanistan və digər ölkələrin iştirakı ilə keçirilən hərbi təlimlərdən narahat olmalı idi, üstəlik də İrana lokal zərbələrin indirilməsi şəraitində, yaxud ABŞ, Fransa başda olmaqla Ermənistandakı planları, Avropa Parlamentinin “mülkü” adında yarım hərbi dəstələrinin Mehri dəhlizinə qədər qurulmuş postları, iranlı parlamentarları narahat etməli və Ermənistanın hədəfi ala biləcək hansısa bir bəyanatlar səsləndirilməli idi məntiqlə.
Amma nədənsə, nə baş verirsə, Ermənistanda anti-İran planları varkən, Azərbaycanın təhdidi istiqamətində hərəkətlilik başlayır İranda. Ötən gün ABŞ İrana növbəti zərbələr endirdi. Çox şüman ki, ardınca İrandakı hansısa çevrələr ABŞ və İsraili deyil, Azərbaycanı hədəfi alacaqlar. Öyrəncəliyik. Azərbaycana qarşı Araz sahili boyunca hərbi təlimlər keçirən İranın, nədənsə, Ermənistandakı NATO hərbi təlimlərinin qarşılığında Mehri boğazı və Ermənistan üçün “nəfəslik” rolunu oynayan istiqamətdən hansısa bir təlimlər keçirməsi yadına düşmədi. Yaxud bir dəstə uşağın Xudafərin körpüsü istiqamətində Azərbaycanın təhdid etməsinə bənzər bir aksiyanın bu günlərdə Ermənistana qarşı hazırlanması da müşahidə olunmadı. Bakını təhdid edənlər nədənsə NATO və Avropa İttifaqının hərbi mövcudluğunu İranın “qulağının dibində” təmin edənlərə səssiz qaldılar, “Ermənistan, yolunu azma, İrəvan, qəbrüvi qazma”, demədilər...
Bu qüvvələrin hədəfi Azərbaycandır, düşmən ölkə olaraq Azərbaycan görülür və bu, acı təəssüf doğurur. Özü də Qərbdən, AŞ PA, AP, Fransa, ABŞ Konqresində başlayan anti-Azərbaycan kompaniyasına müsəlman qonşumuzdan, onun parlamentindən faktiki dəstək verilir. Təəssüf, çox təəssüf. Biz də tanıdıq: dost-düşmənlərimizi...
Gözlənti ondan ibarətdir ki, İran rəhbərliyi, o cümlədən Prezident Məsud Pezeşkian və dini lider Müctəba Xamenei bu kimi sərsəm iddiaların cavabını verəcəklər və qaşınmayan yerdən qan çıxarmağa çalışan anti-Azərbaycan qüvvələri susduracaqlar.