“Bu gün doğum günümdür. Əlbəttə ki, özümə arzularım da var. Bilirsiniz ki, mötəbər tədbirlərdə aparıcılıq edirəm. Bundan sonra özümü lap böyük, izdihamlı tamaşaçısı olan səhnələrdə görürəm. Çox üzülürəm ki, televiziya sosial şəbəkələrə uduzub. Arzu edirəm ki, televiziya tez bir zamanda öz gücünü, çəkisini yenidən bərpa etsin. Hazırda heç bir aparıcı ilə səhnəni bölüşmürəm. Hansısa tədbirə dəvət gələndə heç bir tərəf müqabili ilə getmirəm. Hətta deyəndə ki, “tədbiri filankəslə aparacaqsız”, bundan imtina edirəm. Gələn təklifləri də bu cür dəyərləndirirəm. Qonorardan asılı olmayaraq heç bir tərəf müqabili ilə səhnəni bölüşmürəm. Çünki öz tərzim, dəsti-xəttim var. Öz tərzimi sərgiləyə bilirəm. Amma kiminləsə səhnəni bölüşürsən, o deyir “həmdən-həmə”, sən deyirsən “dəmdən-dəmə”. Bu artıq uyğun gəlmir. Hər bir həmkarıma hörmətim var, zəhmətkeşdirlər, amma özümü səhnədə tək daha rahat hiss edirəm. Bəzi planlarım da var. Düzdür, onları açıqlamaq istəmirəm, amma artıq o məqam da yetişib. Tam fərqli bir formatda, tamaşaçı ilə ünsiyyət formatında gücümü istifadə etmək istəyirəm. Planlarım çoxdur. Ümid edirəm ki, bu yeni yaşımda onları həyata keçirəcəm. Özümü buna hazır hiss edirəm”.
Bunu Medianews.az-açıqlamasında tanınmış teleaparıcı Günay Firudinqızı deyib.

Günay Firudinqızı “İllərdir efirdəsiz, sizin də digər həmkarlarınızda olduğu kimi villalarınız, xaricdə evləriniz, avtomobilləriniz varmı?” sualına o belə cavab verib:
“Nəyə ehtiyacım varsa hər şeyim var. Sadəcə onları nümayiş etdirməyi sevmirəm. Əsas odur ki, halal zəhmətimlə qazanmışam. Halımdan da məmnunam. Mövlanənin bir sözü var, deyir ki, “qismət etmişsə mövlam, əl gətirər, yel gətirər, sel gətirər, qismət etməmişsə mövlam, əl götürər, yel götürər, sel götürər”. Nəyim varsa Allah xeyirlisi ilə istifadə etməyi nəsib etsin. Çox şükürlər olsun. Ehtiyacım olmayan nələrimsə yoxdur. Mənim üçün əsas önəmli olan mənim mənəvi dünyam, mənəvi zənginliyimdir. Varım-dövlətim Allahın mənə lütf etdiklərindədir. Lütf olunan nələr ki, var məndə, özümü onlarla dünyanın ən zəngini hesab edirəm. Çünki insanı xoşbəxt edən onun qəlbidir, əşyaları deyil. Mən elə bir insan görmədim ki, var-dövləti ilə xoşbəxt olsun. Amma qəlbi ilə xoşbəxt olan adamlar gördüm. İnsanı qəlbi xoşbəxt edir. Gərək gecə yatanda da rahat yata biləsən. Bu günlərdə qarşıma bir video çıxmışdı. Səhv etmirəmsə Türkiyədə idi. Adam çox varlı və zəngin idi. Təsəvvür edin ki, hər şeyi var idi, amma xoşbəxt ola bilmirdi. Bir nəfər ona deyib ki, əlil arabasına ehtiyacı olan insanlar var, kömək edə bilərsənmi? Onlara əlil arabası alıb, aparıb verib. Onların xoşbəxtliyinə sevinib. Anlayıb ki, əslində insanı xoşbəxt edən var-dövlət, sərvət deyil. İnsanların sevincidir, kiməsə etdiyi yaxşı əməllərdir. Ona görə mən dünyada ürəyi geniş adamlara həsəd aparıram. Mən o ürəyi geniş olan insanlar kimi olmaq istəyərəm. Milyardları olan insanlar kimi yox. Geyimimiz köhnə olsa da olar, əşyalarımız az olsa da olar, amma ruhumuz xoşbəxt olsun”.
Əli Əsgər,
Medianews.az
