Fransada dəhşətli hadisə baş verib. Doqquz uşaq anası olan 50 yaşlı qadının dondurucusunda iki yeni doğulmuş körpənin meyiti aşkarlanıb.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Ayvillers-et-Liomont şəhərində qeydə alınıb.
Bildirilir ki, qadın öz körpələrini donduraraq gizlətməkdə şübhəli bilinir və artıq polis tərəfindən həbs edilib.
İddialara əsasən, qadın ötən ilin dekabr ayında qəfil şəkildə evi tərk edib. O, 14-20 yaş aralığında olan dörd övladını, atasını və başqa bir kişidən olan daha bir uşağını evdə qoyaraq qaçıb. Ümumilikdə isə qadının üç fərqli kişidən doqquz uşağı olduğu bildirilir.
Qadının evdən getməsindən qısa müddət sonra ailə üzvlərindən biri dondurucuda yeni doğulmuş körpə meyiti aşkar edib və dərhal polisə məlumat verib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları plastik torbaya bükülmüş daha bir körpə cəsədi tapıblar.
İlkin istintaq zamanı qadın hər iki hamiləliyini ailəsindən və yaxınlarından gizlətdiyini etiraf edib. Onun sözlərinə görə, hər iki uşağı ev şəraitində dünyaya gətirib, lakin doğuşların dəqiq tarixini xatırlamayıb. Hüquq-mühafizə orqanları hadisənin 2011–2018-ci illər arasında baş verdiyini ehtimal edir.
Qadının hazırkı sevgilisi isə bu barədə heç bir məlumatının olmadığını bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Medianews.az