Antik Roma dövründən günümüzə qədər qorunub qalan və “dəniz ipəyi” kimi tanınan nadir parçanın sirri elmi araşdırmalar nəticəsində açıqlanıb.
Medianews.az xəbər verir ki, tədqiqatı Cənubi Koreyanın POSTECH (Pohang University of Science and Technology) Universitetinin alimləri aparıblar.
Onlar müəyyən ediblər ki, bu parçanın qızılı rəngi boya ilə deyil, “struktur rəng” adlanan fiziki effektlə yaranır. Liflərdəki xüsusi protein quruluşu işığı prizma kimi sındıraraq parıltı effekti yaradır.
Araşdırmalara görə, bu xüsusiyyət parçanın solmamasını təmin edir və onun minilliklər boyu parlaqlığını qorumasına imkan verir.
Qədim dövrdə “dəniz ipəyi” yalnız imperatorlar və yüksək təbəqə tərəfindən istifadə olunub. Onun istehsalı üçün Aralıq dənizində yaşayan Pinna nobilis növündən əldə edilən liflər əl ilə toplanırdı.
Çox zəhmət tələb edən proses nəticəsində az miqdarda iplik əldə olunur və bu material öz dövründə olduqca yüksək qiymətə malik idi.
Alimlər son mərhələdə bu materialı laboratoriyada yenidən yaratmağa nail olublar və beləliklə, əsrlər əvvəl yoxa çıxmış nadir parça müasir elmlə bərpa edilib.
Medianews.az




