ABŞ-ın Yuta ştatında ilk dfə olaraq süni intellektə müəyyən dərmanların reseptini yazmaq səlahiyyəti verilib.
Beləliklə, Yuta ştatında tək həkimlərin deyil, kompüter alqoritminin də bəzi dərmanlara yazdığı reseptlər qanuni sayılacaq.
Medianews.az-ın məlumatına görə, qərar həm də onunla əsaslandırılıb ki, süni intellekt reseptləri xəstələrin vaxtına, puluna qənaət etməsi ilə nəticələnəcək. Xüsusilə həkimlərin çatışmadığı kənd yerlərində, ucqar ərazilərdə bu mexanizm effektli çıxış yolu kimi təqdim olunur.
Lakin qərarın əleyhdarları da var. Onlar hesab edirlər ki, süni intellektin yol verə biləcəyi səhvlər və vəziyyətdən sui-istifadə halları pasiyentlərin sağlamlığına ciddi risk yarada bilər.
Ötən aydan Yuta ştatında Nyu-Yorkda yerləşən “Doctronic” texnoloji startapı vasitəsilə pilot proqram işə salnıb. Şirkət xroniki xəstəlikləri olan pasiyentlər üçün bəzi dərman reseptlərinin süni intellekt əsasında yenilənməsini həyata keçirir. Proqrama geniş istifadə olunan 190 dərman daxil edilib. Ağrıkəsicilər, inyeksiya preparatları və diqqət çatışmazlığı/hiperaktivlik sindromu (ADHD) üçün dərmanlar siyahıya salınmayıb.