Medianews.az
Dünyada neft hasilatına və satışına nəzarət zərfi bu dövlətin əlinə keçə bilər
304 baxış

Dünyada neft hasilatına və satışına nəzarət zərfi bu dövlətin əlinə keçə bilər

Rusiyanın Ukraynaya hərbi təcavüzü başlayandan mətbuat səhifələrində və TV kanallarda etdiyim çıxışlarda dəfələrlə demişdim ki, bu dava dünyada iqtisadi maraqları, biznes maraqlarını reallaşdırmaq, resurslara və kommunikasiyalara nəzarəti ələ keçirmək uğrunda böyük güclərin başlatdığı savaşın bir hissəsidir.

İndi hər kəsə aydın olur ki, bu savaş tək Ukrayna və ya Qəzzanı deyil, dünyanın başqa bölgələrini də əhatə etməkdədir. Daha güclü olan bu savaşdan daha böyük qazancla çıxacaq və dünyaya öz hegomonluğunu qeyd-şərtsiz qəbul etdirəcəkdir.

Bu gücün Amerika Birləşmiş Ştatları olduğu aşkardır. ABŞ-nin Avroasiya siyasətin əsas qayəsi belədir: ABŞ əgər dünya hegomonu olmaq statusunu qoruyub saxlamaq istəyirsə, o, Avroasiya məkanında özündən qabağa kiminsə çıxmasına imkan verməməlidir. Bu gün Birləşmiş Ştatlar Administrasiyasının Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiyanı durdurmaq istəməsi də məhz bu siyasətin tələblərindən irəli gələn bir davranışdır.

Baxın, ABŞ-nin keçən ilin sonlarından etibarən İran neftinin satışına tətbiq etdiyi sanksiyalarla İranın neft satışından valyuta gəlirləri 20%-dən çox azaldı və bununla da İran milli valyutası sürətlə ucuzlaşmağa başladı. Milli valyutanın kəskin ucuzlaşması İranda ərzaq məhsullarının və digər istehlak mallarının qiymətlərinin təqribən iki dəfəyə qədər bahalanmasına yol açdı ki, bu da son nəticədə insanların etirazına, kütləvi iğtişaşlara səbəb oldu.

Sual olunur, ABŞ eyni ssenarini Rusiya neftinin ixracına tətbiq edə bilməzmi? Təbii ki, istəsə, bir gün ərzində Danimarka boğazlarından Rusiya neftini qaçaq yolla daşıyan tankerlərin qarşısını kəsər və bununla da Rusiyanın daxilində bu gün İranda yaşanan eyni durum yaranmış olar. Lakin ABŞ bunu etmir, çünki ona bu müharibədə Rusiyanın məğlubiyyəti lazım deyil, onun əsas hədəfi Rusiyanın neftinin, qazının və digər təbii sərvətlərinin idarəçiliyini və Rusiya üzərindən keçərək şərqlə qərbi birləşdirən yollara nəzarəti ələ almaqdır. Ukrayna isə Rusiya ilə müharibə başa çatmamış artıq ABŞ-nin tam nəzarətindədir desək, yanılmarıq.

Gəlin ABŞ-nin dünya hegemonluğu yolunda son bir ildə atdığı addımlara qısa bir nəzər salaq.

Donald Tramp hakimiyyətə gələn kimi Kanada və Qrelandiyanı ABŞ-yə birləşdirmək, Panama kanalı üzərində ABŞ-nin tam nəzarətini bərpa etmək kimi hədəflər qoydu. Bu sırada təbii ki, Venesuelanın neftinə nəzarəti həyata keçirmək kimi istək ortada idi. Birləşmiş Ştatlar artıq bu hədəflərdən ikisini – Panama kanalına və Venesuela neftinin idarəçiliyinə nəzarəti təmin etdi. Bu gün ABŞ-nin İran neftinə nəzarəti ələ almaq kimi bir hədəfə çatmasına bəlkə də günlər yox, saatlar qalır. Növbədə ABŞ-yə narkotik və cinayətkar şəxslər ixrac edən Meksika, Kolumbiya və Qrelandiyanı ABŞ-yə verməkdən boyun qaçıran Danimarka dayanır.

Bu arada ABŞ-nin Avroasiya məkanındakı iki böyük uğurunu - Cənubi Qafqazda Azərbaycan və Ermənistan üzərindən şərqlə qərbi birləşdirən Zəngəzur dəhlizindən keçən ən uğurlu quru yola nəzarəti ələ almaq, Mərkəzi Asiya ölkələrini özünün yaxın tərəfdaşına çevirmək kimi mühüm hadisələri də xüsusi qeyd etmək lazımdır.

Bütün bunlar göstərir ki, ABŞ son bir ildə atdığı bu addımlarla yaratmaqda olduğu yeni dünya nizamının altından öz hegemonluq möhrünü vurmaqdadır. Birləşmiş Ştatlar bu gedişlə dünyada neftin hasilatının və satışının nəzarət zərfini öz əlinə alacaq və bununla da yaxın 25 ildə özündən önə hər hansı bir dövlətin və ya dövlətlər qrupunun keçməsinə imkan verməyəcəkdir.

Nizamsız dünyanı normal idarə etmək üçün onun güclü bir jandarma ehtiyacı vardır! Demokratiya, insan haqları, söz azadlığı kimi dəyərlər isə bu hədəfə çatmağın işlək alətləridir və bu alətlər həmişə iqtisadi maraqların, biznes maraqlarının tapdağı altında qalacaqdır...

Fikrət Yusifov,
iqtisad elmləri doktoru, professor,
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri

 

Bizə qoşulun