Kredit ödənişlərində çətinlik yaşayan vətəndaşlar tez-tez ödəniş müddətinin uzadılmasını tələb edirlər. Məsələn, 1 illik kreditin 2 ilə qədər uzadılması aylıq ödənişi azaltmaqla müştəriyə müəyyən rahatlıq yaradır. Bəs bu cür imkanları nə dərəcədə geniş tətbiq olunur və kimlər üçün əlçatandır?
Mövzu ilə bağlı iqtisadçı-eskpert Xalid Kərimli Medianews-a açıqlamasında bildirdi ki, kredit ödənişində çətinlik çəkən şəxs kreditinin vaxtının dəyişməsini tələb edə bilməz, yalnız xahiş edə bilər.

“Kredit müqaviləsi ikitərəfli hüquqi sənəddir. Müştərinin müraciəti bank tərəfindən razılıqla qarşılandığı halda, yeni ödəniş qrafiki müəyyən edilə bilər. Burada əsas məqam ondan ibarətdir ki, kredit müqavilələri hüquqi sənədlərdir və bu sənədlərə edilən istənilən dəyişiklik yalnız tərəflərin qarşılıqlı razılığı əsasında mümkündür. Müştəri “çətinlik çəkirəm” əsasını gətirərək təkbaşına müqavilə şərtlərini dəyişdirə bilməz. Bunun nə ölkə qanunvericiliyində, nə də bağlanmış müqavilələrdə hüquqi əsası mövcuddur”.
Ekspert qeyd etdi ki, eyni zamanda bank da müqavilə şərtlərini birtərəfli qaydada dəyişmək hüququna malik deyil:
“Yeganə hüquqi yol tərəflərin qarşılıqlı razılaşması əsasında yeni ödəniş qrafikinin və ya şərtlərin müəyyən edilməsidir. Kredit məhsulu pulun satışı kimi kommersiya xarakteri daşıyır və bu da bazar prinsiplərinə əsaslanır.
Qısaca desək, hüquqi baxımdan kredit müqaviləsinin dəyişdirilməsi yalnız danışıqlar və qarşılıqlı razılıq yolu ilə mümkündür”.
Oğuz Ayvaz
Medianews.az