İki gündür ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN), İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) və Aztelekom qlobal hesabatlarda internet xidmətləri üzrə yüksək nəticə əldə olunması haqda məlumatlar açıqlayır.
Söhbət Dünya Bankının ölkələr üzrə biznes mühitinin əlverişliliyini ölçən Business Ready (B-READY) 2025 hesabatında Azərbaycanda internetin də daxil edildiyi kommunal xidmətlər sahəsi üzrə qiymətləndirmənin nəticələrindən gedir.
Öncədən də bu hesabatın hazırlanmaqda olması barədə bilgili olduğumdan adı çəkilən qurumların açıqladığı məlumatların mövcud reallığı tam dolğun əks etdirmədiyinə əmin idim. Sadəcə vaxtım olmadığından hesabata göz gəzdirə bilməmişdim.
İndi baxıram və təəssüf edirəm ki, adıçəkilən qurumlar, ciddi şəxslər, yumşaq desəm, alayarımçıq, başdansovdu, həm də nəinki reallığı, heç hesabatdakı vəziyyəti dolğun əks etdirməyən bir açıqlama veriblərmiş.
Anlamıram ki, dövlət məmurları necə belə addım ata bilirlər.

İlk öncə müsbət məqamları qeyd etmək istərdim.
Hesabatda internet xidməti artıq “Utility Services” – kommunal xidmətlər indikatoruna daxil edilib. Bu indikator üzrə Azərbaycan həqiqətən də 83.05 bal toplayaraq 25-ci mövqedə qərarlaşıb. Yetərincə yaxşı göstəricidir. Hətta mən deyərdim ki, məhz bu indikator üzrə reallıq daha da yüksəkdir.
Bu göstərici Azərbaycanda infrastrukturun mövcudluğunu, qoşulmanın mümkünlüyünü və əlçatanlığını ölçür.
Amma hesabat təkcə bundan ibarət deyil axı.
Hesabatda qeyd olunur ki, Azərbaycan Operational Efficiency (Əməliyyat effektivliyi) üzrə 63.34 bal alıb. Bu indikator isə mövcud xidmətlərin real istifadəsini, “compliance costs” anlayışı çərçivəsində bahalı tarifləri, məcburi minimal paketləri, qiymət-keyfiyyət uyğunsuzluğunu ölçür.
Daha problemli mənzərə isə Market Competition göstəricisindədir. Azərbaycan bu indikator üzrə 45.28 bal toplayaraq çox aşağı qrupda qərarlaşıb.

Market Competition (Rəqabətli mühit) bazarda seçim imkanlarını, bazardakı hökmranlığı və qiymətlərin rəqabət yolu ilə formalaşıb-formalaşmadığını ölçür. Aşağı nəticə dominant provayderlər, zəif rəqabət və məhdud seçim deməkdir.
Beləliklə, bir cümlə ilə ifadə etsək, Business Ready 2025 hesabatı göstərir ki, Azərbaycanda internet artıq kommunal xidmət kimi geniş infrastrukturla mövcuddur və bu sahədə göstəricilər yüksəkdir, lakin qiymətlərin əlçatanlığı, seçim imkanları və real rəqabətlilik baxımından ciddi zəifliklər qalmaqdadır.
Adıçəkilən rəsmi qurumların yalnız bir müsbət göstəriciyə əsaslanaraq digərlərini görməzliyə vurması, birtərəfli, yarımçıq açıqlamalar verməsi təəssüf doğurur.
Osman Gündüz,
Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru
