ABŞ-nin Kaliforniya ştatında yaşayan 19 yaşlı universitet tələbəsi Sam Nelsonun ChatGPT-dən aldığı riskli maddə qarışıqları ilə bağlı tövsiyələrdən sonra həyatını itirməsi, süni intellektin səhiyyə sahəsində təhlükəsizliyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Kaliforniyada yaşayan 19 yaşlı psixologiya tələbəsi Sam Nelson, süni intellekt əsaslı söhbət botu ChatGPT-dən aldığı təhlükəli maddə qarışımı tövsiyələrindən sonra vəfat edib. Hadisə süni intellekt sistemlərinin sağlamlıq və maddə istifadəsi mövzularında təhlükəsizlik sərhədlərini yenidən müzakirə obyektinə çevirib.
Nelsonun anası Layla Turner-Skottun paylaşdığı 18 aylıq yazışma qeydlərinə görə, süni intellekt sistemi gənci müxtəlif maddələri birlikdə istifadə etməyə yönləndirib və bu qarışıqların “təhlükəsiz” olduğu barədə ona təminat verib.
Yazışma tarixçəsində ChatGPT-nin son dərəcə təhlükəli tövsiyələr verdiyi görünüb. Nelson, opioidə bənzər təsiri olan kratom maddəsi ilə narahatlığı azaldan Xanax preparatını birlikdə istifadə etmək üçün süni intellektdən məsləhət alıb. Bot, gəncin artıq 15 qram kratom qəbul etdikdən sonra yaşadığı ürəkbulanmanı azaltmaq məqsədilə Xanax istifadə edə biləcəyini bildirib və doza ilə bağlı tövsiyə verib.
Mayın 26-da baş tutan başqa bir yazışmada isə süni intellektin Nelsona daha güclü hallüsinasiyalar yaşaması üçün öskürək siropunun dozasını ikiqat artırmağı məsləhət gördüyü qeyd olunub.
Sam Nelson mayın 31-də anası tərəfindən yataq otağında ölü vəziyyətdə tapılıb.
İki həftə sonra açıqlanan toksikoloji hesabatda ölüm səbəbinin alkoqol, Xanax və kratomun birlikdə istifadəsi nəticəsində yaranan ölümcül təsir olduğu bildirilib. Mütəxəssislər bu kombinasiyanın mərkəzi sinir sistemini həddindən artıq dərəcədə basqılayaraq boğulmaya (asfiksiya) səbəb olduğunu müəyyən ediblər.