Medianews.az
Gündəlik qəzetlərin azalması mətbuat yayımını da dəyişir – MÜSAHİBƏ
320 baxış

Gündəlik qəzetlərin azalması mətbuat yayımını da dəyişir – MÜSAHİBƏ

2026-cı ildən Azərbaycanda gündəlik qəzetlərin sayı dördə düşdü: “Azərbaycan”, “Xalq qəzeti” və “Yeni Azərbaycan” həftədə beş yol (bazar və bazar ertəsindən başqa hər gün), “Novoye vremya” həftədə dörd yol (çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə) işıq üzü görəcək.

“Azərbaycan” qəzeti Milli Məclisin, “Xalq qəzeti” Prezidentin İşlər İdarəsinin, “Yeni Azərbaycan” Yeni Azərbaycan Partiyasının nəşridir, rusdilli “Novoye vremya” özəl nəşrdir.

2026-cı ilədək həftədə beş dəfə çıxmış qalan qəzetlərin çoxu həftədə bir dəfəyə keçib, biri həftədə iki dəfə çap olunacaq. Onların iş günlərində işıq üzü görəcəyi açıqlanıb.

Gündəlik qəzetlərin azalması mətbuat yayımında da dəyişikliklərə gətirib çıxaracaqmı?

Medianews.az saytı bunu öyrənmək üçün Bakı Mətbuat Yayımının rəhbəri Cavid Rzayevə müraciət edib.

- Cavid bəy, paytaxtın əsas mətbuat yayıcısı olan kollektivinizin bazar və bazar ertəsi işləmədiyi bəllidir. Çünki həmin günlər qəzet çıxmır. Şənbə günü isə qəzetlər çıxır və buna görə şənbə Bakı Mətbuat Yayımı üçün daima iş günü olub. İndi şənbə günü çıxan qəzetlərin sayı azalıb. Həmin gün yalnız üç qəzet (“Azərbaycan”, “Xalq qəzeti” və “Yeni Azərbaycan”) işıq üzü görəcək. Bu, mətbuat yayımında da dəyişikliklərə gətirəcəkmi?

- Bəli, həftənin beş günü qəzet çıxırdı və biz həmin günlərin hamısında köşklərə qəzet çatdırırdıq - istər gündəlik, istərsə də həftəlik qəzetləri. Amma gündəlik qəzetlərin çoxu artıq həftəliyə keçib. Ona görə də biz artıq şənbə günü köşklərə qəzet yaymayacağıq. Yəni indən belə şənbə də bizdən ötrü qeyri-iş günü olacaq. Çünki həmin gün yalnız üç qəzet çıxacaq. Yayım qurumu olaraq üç qəzetə görə komandamızı səfərbər edib işləmək maddi baxımdan bizə sərf etmir. Bizim əlavə maliyyə dəstəyimiz, köməyimiz yoxdur, bu səbəbdən şənbə günü çıxan qəzetlərin köşklərə çatdırılmasını təmin etmək imkanımız xaricindədir. Yalnız həftənin dörd günü - çərşənbə axşamı, çərşənbə, cümə axşamı və cümə günlərində köşklərə qəzet çatdıra biləcəyik.

- Bir neçə gündəlik qəzetin həftəliyə keçməsi mətbuat yayımı sahəsində maddi problemlərin yaranmasına, işçilərin ixtisarına da gətirə bilərmi?

- Şənbə günü işləsək, ixtisarlara gətirib çıxara bilər. Elə şənbə günü işləməməyə həm də işçiləri ixtisara salmamaq baxımından məcburuq. Şənbə günü işə çıxmalı olsaq, onda gərək o maliyyəni balanslaşdırmaq üçün işçilərdən kimlərisə ixtisara salaq.

Şənbə günü işləməmək qərarımızın ən əsas səbəbi isə həmin gün daima rastlaşdığımız satış problemi ilə bağlıdır. Şənbə-bazar qeyri-iş günləridir. Həmin günlər qəzet alan çox olmur. Qəzet satışı əsasən bazar ertəsindən canlanır və proses şənbəyədək davam edir. Tutalım, həftəsonu sonu çıxan hər hansı həftəlik qəzetin satış dinamikasına baxsaq görərik ki, həmin qəzeti köşklərdən növbəti həftənin əvvəlində alan oxucuların sayı daha çox olub, nəinki şənbə-bazar günləri. Şənbə-bazar günlərində qəzet yayımı ilə məşğul olmağın nə bizə faydası var, nə də redaksiyalara.

- Bəs şənbə günü çap olunan üç qəzeti köşklərə nə vaxt çatdıracaqsınız?

- Növbəti həftənin bazar ertəsi. Düzdür, bu, bir qədər gecikmiş proses olacaq, amma orası da var ki, “Azərbaycan”, “Yeni Azərbaycan” və “Xalq qəzeti” daha çox abunə sistemi ilə alınır. Yəni bu qəzetlər satışdan çox abunəyə köklənib.

İnanırıq ki, oxucular da, redaksiyalar da bizim qərarımızı anlayışla qarşılayacaqlar. Onsuz da qəzet satışının çox zəif olduğu şənbə günü çıxan qəzetlərin sayının faktiki 70 faiz azalması, üstəlik, işçiləri ixtisara salmamaq üçün çıxış yolu axtarmağımız bizi şənbə günü işləməmək, yəni həftənin yalnız dörd günü çalışmaq kimi bir qərar qəbul etmək məcburiyyətində qoyur.

Amma onu da vurğulayım ki, qəzetin nəşri də, yayımı da canlı bir prosesdir. Burada hər hansı qərara daşlaşmış bir mövqe kimi yanaşmaq olmaz. Yəni vəziyyət dəyişə də bilər. Həftəliyə keçən qəzetlərin hamısı satış qiymətini qaldırıb. Bu, həmin qəzetlərin satışına necə təsir edəcək? Qiymət artımı qəzet alanların sayını azaldacaqmı? Biz bunu bir qədər sonra, satışın nəticələrini əldə etdikcə biləcəyik. Əgər qiymət artımı satışa mənfi təsir göstərməsə, şənbə günü işləməyimiz mümkün ola da bilər.

Nailə Qasımova,
Medianews.az

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.

Bizə qoşulun