NATO-nun Baş katibi Mark Rutte Rusiyanın hərbi xərclərinin sürətlə artdığını bildirərək alyans ölkələrini müdafiə sənayesini gücləndirməyə və istehsal imkanlarını artırmağa çağırıb.
Ankarada keçirilən 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvə Toplantısı çərçivəsində təşkil olunan Müdafiə Sənayesi Forumunda çıxış edən Rutte Rusiyanın milli büdcəsinin təxminən yarısını hərbi məqsədlərə sərf etdiyini deyib.
"Rusiya milli büdcəsinin yarısını müharibə maşınını maliyyələşdirmək üçün istifadə edir. Onun niyyətləri bizimki qədər yaxşı deyil", – deyə NATO baş katibi bildirib.
Rutte vurğulayıb ki, Rusiyanın müdafiə sənayesindəki istehsal sürəti NATO üçün ciddi siqnaldır və alyansın çəkindiricilik qabiliyyətini qoruması üçün üzv ölkələr daha koordinasiyalı fəaliyyət göstərməlidirlər.
Baş katib NATO ölkələrini müdafiə istehsalını genişləndirməyə çağıraraq bildirib: "Hamımız birlikdə çalışmalıyıq. Dövlətlər üzərlərinə düşən öhdəlikləri yerinə yetirməli, yeni razılaşmalar bağlamalıdırlar. İstehsal və tədarük potensialımızı artırmalıyıq".
Rutte qeyd edib ki, NATO müdafiə sənayesinin genişləndirilməsi, birgə istehsal layihələrinin sürətləndirilməsi və milyardlarla dollar dəyərində yeni müdafiə proqramlarının həyata keçirilməsi alyansın əsas prioritetlərindəndir. Zirvə çərçivəsində yeni müşahidə təyyarələri, pilotsuz uçuş aparatları və tanker təyyarələri layihələrinin də elan olunduğu bildirilib.
Ankarada keçirilən NATO Zirvə Toplantısında müdafiə xərclərinin artırılması, müdafiə sənayesinin gücləndirilməsi və Rusiyanın yaratdığı təhlükəsizlik riskləri əsas müzakirə mövzuları sırasında yer alır. NATO rəhbərliyi üzv ölkələri müdafiə investisiyalarını artırmağa və real istehsal gücü formalaşdırmağa çağırır./Musavat.com/