Litvanın yeni hökumətində 14 nazir yer alır: xarici işlər naziri, müdafiə naziri, ədliyyə naziri, daxili işlər naziri, maliyyə naziri, iqtisadiyyat və innovasiyalar naziri, energetika naziri, kənd təsərrüfatı naziri, nəqliyyat naziri, əmək və sosial müdafiə naziri, elm, təhsil və idman naziri, səhiyyə naziri, mədəniyyət naziri, ətraf mühit naziri.
Medianews.az bildirir ki, kabinet üzvlərini iyulun 6-da prezident Gitanas Nauseda baş nazir Mindauqas Sinkyaviçyusun təqdimatı ilə təyin edib.
Əmək və sosial müdafiə naziri postu sabiq baş nazir İnqa Rugineneyə verilib.
Ölkədə hökumət parlament seçkisinin nəticələri əsasında formalaşır. 2024-cü ilin oktyabrında keçirilmiş seçkidə qalib gələn Sosial Demokrat Partiyası Neman Şəfəqi Partiyası və Demokratların Litva Uğrunda İttifaqı ilə koalisiyaya girib, dekabrda Gintautas Palutskas baş nazir kürsüsünə oturub.
Adı korrupsiya qalmaqallarında hallandığına görə Gintautas Palutskas 2025-ci ilin iyulunda istefa verib, həmçinin Sosial Demokrat Partiyasının sədrliyindən gedib, sentyabrda sosial demokrat İnqa Ruginenenin baş nazirliyi ilə yeni kabinet qurulub.
2026-cı il iyunun 6-da Neman Şəfəqi Partiyası koalisiyadan çıxarılıb və hökumətin bir daha yenilənməsi zərurəti yaranıb. İyunun 18-də Sosial Demokrat Partiyası, Demokratların Litva Uğrunda İttifaqı, Kəndlilər və Yaşıllar İttifaqı koalisiya sazışi imzalayıb. İyunun 23-də baş nazir İnqa Ruginenenin istefası rəsmiləşib, iyunun 30-da isə prezident parlamentin razılığını alaraq Sosial Demokrat Partiyasının sədri Mindauqas Sinkyaviçyusu baş nazir postuna gətirib.