Müasir avtomobillərdə təhlükəsizlik sistemlərinin ayrılmaz hissəsinə çevrilən gündüz hərəkət işıqları (DRL) yol hərəkəti zamanı nəqliyyat vasitəsinin daha uzaq məsafədən görünməsinə kömək edir. Bu işıqlardan düzgün istifadə yol-nəqliyyat hadisələrinin qarşısının alınmasına müsbət təsir göstərsə də, bəzi sürücülərin onların təyinatını və istifadə qaydalarını düzgün bilməməsi müzakirələrə səbəb olur.
Məsələ barədə Demokrat.az-a açıqlama verən hüquqşünas Rəşad Əliyev deyib ki, maşının gündüz işləyən işıqlarının (DRL) və ya ön faralarının sarı rəngdə olması məsələsinə hər zaman cərimə tətbiq edilmir:
“Burada əsas meyar həmin işıqların zavod istehsalı olması və nəqliyyat vasitəsinin konstruksiyasına qanunsuz müdaxilə edilməməsidir. Əgər avtomobil istehsalçı tərəfindən sarı və ya isti tonlu işıqlarla təchiz olunubsa və bu, texniki normalara uyğundursa, sürücü buna görə məsuliyyət daşımır. Lakin sonradan avtomobilə standartlara uyğun olmayan sarı LED və ya digər işıq avadanlıqları quraşdırılıbsa, bu, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik hesab oluna bilər və texniki tələblərin pozulması kimi qiymətləndirilə bilər. Qanunvericiliyin məqsədi işığın rəngindən daha çox onun təhlükəsizliyini, digər hərəkət iştirakçılarını çaşdırmamasını və texniki standartlara uyğun olmasını təmin etməkdir. Xüsusilə mavi, qırmızı və xüsusi təyinatlı nəqliyyat vasitələrinə məxsus işıq siqnallarının qanunsuz istifadəsi daha ciddi hüquqi məsuliyyət yaradır”.
O bildirib ki, avtomobilin işıq sistemində hər hansı dəyişiklik etməzdən əvvəl bunun texniki reqlamentlərə uyğun olub-olmadığını araşdırsınlar:
“Çünki yol polisi avtomobil texniki baxış zamanı və ya yol hərəkəti nəzarəti zamanı standartlara uyğun olmayan işıq avadanlıqlarını aşkar edərsə, qanunvericiliyə uyğun tədbir görə bilər. Yəni sadə dillə desək, zavoddan sarı işıqla çıxan avtomobilə görə cərimə yoxdur. Ancaq sonradan normaya uyğun olmayan sarı işıqlar quraşdırılıbsa və bu, texniki tələbləri pozursa, inzibati məsuliyyət yarana bilər. Burada əsas məsələ işığın rəngi deyil, onun qanunvericiliyin və texniki standartların tələblərinə uyğun olub-olmamasıdır”.
14.07.2026, 06:51
236
baxış
Zara Editor