Medianews.az
Hamiləlikdə siqaret:
125 baxış

Hamiləlikdə siqaret: Körpəyə ölümcül təhlükə yaradır

Hamiləlik dövründə siqaret istifadəsi ana və körpənin sağlamlığı üçün ciddi risk yaradır. Mütəxəssislər bildirirlər ki, nikotin və karbonmonoksit plasenta vasitəsilə dölə keçərək oksigen və qida çatışmazlığına, nəticədə isə inkişaf geriliyinə səbəb olur.

Medianews.az xəbər verir ki, bu barədə Anadolu Agentliyinə qadın xəstəlikləri və doğum üzrə mütəxəssis, professor Faruk Buyru danışıb.

Professor qeyd edib ki, siqaret həm qadınlarda, həm də kişilərdə reproduktiv sağlamlığa mənfi təsir göstərir. Onun sözlərinə görə, siqaret hamiləliyin pozulması, düşük, erkən doğuş və az çəkili körpə riskini artırır, həmçinin anada təzyiq problemlərinə yol aça bilər.

Həkim vurğulayıb ki, siqareti istənilən mərhələdə tərgitmək müsbət nəticə verir. Siqaret çəkən mühitdə olmaq, o cümlədən elektron siqaretdən istifadə də hamiləlik üçün zərərlidir.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, hamiləlik və südvermə dövründə siqaret çəkmək yolverilməzdir. Nikotin ana südünə keçərək körpədə narahatlıq, yuxu pozuntusu və inkişaf problemləri yarada bilər. Siqareti tərgitmək istəyənlərə peşəkar tibbi dəstəkdən yararlanmaq tövsiyə olunur.

Medianews.az

Bizə qoşulun