Almaniyalı fitnes fenomeni və sosial media influenseri Edda Elisa hava limanında gözlənilməz hadisə ilə üzləşib. Məşhur influenserin geyimi "uçuş üçün uyğun hesab edilmədiyi" üçün onun təyyarəyə minməsinə icazə verilməyib.
Medianews.az xəbər verir ki, Elisa Almaniyanın Lufthansa şirkəti ilə səyahət etmək üçün hava limanına gəldiyi zaman aviaşirkət əməkdaşları tərəfindən saxlanılıb.
İnfluenserin sözlərinə görə, rəsmilər ona "Əynində heç nə yoxdur, çılpaqsan" deyərək, əlavə paltar geyinməsini tələb ediblər. Elisa təyyarəyə minə bilməsi üçün başqa geyim geyinməyə məcbur qaldığını bildirib.
Sosial media hesabında paylaşdığı videoda yaşadıqlarını izləyiciləri ilə bölüşən fitnes fenomeni aviaşirkət əməkdaşlarının münasibətinə təəccübləndiyini deyib. O, hazırkı geyiminin problem yaradacağını düşünmədiyini vurğulayıb.
Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər aviaşirkətin qərarını dəstəkləsə də, digərləri bunun sərnişinin şəxsi seçimlərinə müdaxilə olduğunu qeyd ediblər.
Medianews.az
