Medianews.az
Gəlirli vəzifə satın alarkən aldadılan adam
65 baxış

Gəlirli vəzifə satın alarkən aldadılan adam

Adamın əlində yarım milyon manat nağd pulu olub və bu pulu sərf edərək rayonların birində icra hakimiyyətinin başçısı vəzifəsini tutmaq istəyib. Onu aldadıblar, pulu əlindən çıxıb, üstəlik, adı dillərə düşüb.

Rayonun adı çəkilmir və əslində onun o qədər də əhəmiyyəti yoxdur. Sadəcə, kimlərəsə maraqlı ola bilər: o necə rayondur ki, İH başçısı postunu bu qədər optimal qiymətə düzəldirmişlər.

Mümkündür ki, işğaldan azad olunmuş rayonlardan biridir. Çünki oralarda hələlik “verdiyini çıxarmaq” imkanları azdır. Ona görə də özlərini vasitəçi kimi göstərərək Qurban Piriyevin yarım milyon manatını və 34 min manatlıq qızıl-zinət əşyalarının dalına keçənlər “aşağı yeri var” prinsipi ilə hərəkət ediblər.

İndi onlar məsuliyyətə cəlb olunub. Biri polkovnik və sabiq rəis müavinidir, biri iş adamıdır, o biri jurnalistdir.

Adi bir jurnalistin, imzası oxucu kütləsinə, o cümlədən media camiəsinə tanış olmayan həmkarımızın birdən-birə yarım milyonluq “düz-qoş” işinə qoşulması ayrıca heyrətamizdir.

Ən müəmmalısı odur ki, polkovnik və iş adamının o boyda vəzifəni satın almaq üçün gerçəkdən də əlaqələri olub, yoxsa əvvəlcədən məqsədləri Piriyevi aldatmaq, ən azı ondan aldıqları pulun yarısını mənimsəmək, yarısını da “iş düzəlmədi, söz verən adam pulun yarısını qaytardı” demək imiş?

İkinciyə daha çox oxşayır. Çünki “yıxılana balta vurmaq” kampaniyasına qoşulmaq kimi çıxmasın, Mehdiyevdən sonra kadr məsələləri fərqli kriteriyalarla həll olunur. Hər halda gələn informasiyalarda belə deyilir, ilişən həmkarımızdan fərqli olaraq, bizim o cür işlərdə bilgilərimiz dərin deyil.

Bu iş üzrə keçirilən əvvəlki məhkəmələrdən çıxan nəticə odur ki, hakim tərəflərə barışıq təklif edib. Yəni “kişinin pulunu qaytarın, iş bağlansın”.

Ancaq adamı İH başçısı vəzifəsinə təyin etdirməyən və ya etdirə bilməyən, bu minvalla onu umsuq edən və şəxsinə mənəvəvi-psixoloji zərbə vuran “vasitəçi üçlük” Piriyevin pulunu tam qaytarmaq istəmirlər.

Bildirilir ki, polkovnik zərərçəkənin 150 min manatını qaytarıb, amma yerdə qalanı durur. Hakim təqsirləndirilən şəxslərə zərərçəkmişlə barışmaq üçün son şans verib. Əgər onlar bu şansdan lazımi şəkildə istifadə etməsələr, o zaman onlara həbs cəzası veriləcək.

Bəs adamlar pulun hamısını və ya çox hissəsini (məsələn, 450-480 minini) qaytarsalar, necə, cəza almayacaqlarmı? Yəqin ki, bu halda daha yüngül cəza alacaqlar.

Adamlar pulu qaytarmaqdan imtina etsələr, həbsdə yatmağı seçsələr, o zaman İH başçısı ola bilməyən Piriyevin qazancı nə olacaq? Onun pulunu kim verəcək? Müəmmalı məsələdir.

Yəni çarxı necə fırlatsalar da, Piriyev zərərdədir.

Hələ yaxşı ki, ona qarşı dövlət vəzifəsini pulla satın almağa cəhd etdiyinə görə Cinayət Məcəlləsinin uyğun maddələri ilə cinayət işi açmayıblar. Bəlkə də açıblar və ya açıb-bağlayıblar. Buna da aydınlıq gətirilməlidir. Çünki bu, dövləti cinayətdir.

Aydın məsələdir ki, yarım milyon manat+34 min manatlıq qızıl-zinət əşyası verərək dövlət vəzifəsini satın almaq istəyən şəxsin məqsədi heç də başçılıq etdiyi rayonun əhalisini yüksək həyat şəraiti ilə təmin etmək, dövlətçiliyin keşiyində dayanmaq (adam vəzifəni əldə etsə, iclaslarda belə deyəcəkdi) deyildi, onun ülvi arzusu daha da varlanmaq, varidatını beşə qatlamaq olub. Bundan ötrü o, dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəyəcək, rayonunundakı iş adamlarından xərac yığacaqdı. (5-6 ay əvvəl Nəsimi rayonuna İH başçısı təyin edilən və iki ayı tamam olmamış işdən çıxarılan məmurun mağazalardan 200 min manat tələb etməsi hadisəsini xatırlayaq).

Sovet hökumətinin vaxtı olsaydı, Piriyevi də məsuliyyətə cəlb edərdilər. Çində indinin özündə də belə hərəkətlərin üstündə ilişənlərin həbs cəzası 10 ildən başlayır və əmlakları da müsadirə olunur.

Görünür, Piriyevi aldadan vətəndaşlar ümid edirmişlər ki, o, məsuliyyətə cəlb ediləcəyindən qorxaraq, şikayətçi olmayacaq və “vasitəçi üçlük” onun yarım milyonunu bölüşdürüb yeyəcəklər.

Amma məbləğ 3 min deyil, beş min deyil, yarım milyondur. Bu boyda məbləğə görə adamdan təbii ki, hüquq-mühafizə orqanlarına şikayət edərlər. Hələ daha bir variant da var: o məbləğin 100 minini kriminal avtoritetlərə vəd etsələr, onlar ya pulu geri alarlar, ya da sağ canla xərcləməyə qoymazlar. Rusiyada olsa, belə edərdilər.

Bir sözlə, bu hadisə təkcə yalançının tamahkarı aldatması vaqiəsi deyil, həm də ölkədə hər şeyin alınıb-satıldığına dair xalq arasında yaranmış qənaətin necə yayğın olmasının göstəricisidir.

Xalid KAZIMLI 

Bizə qoşulun