Futbol proqnozları çağdaş islamda birbaşa günah kimi göstərilmir. Amma bu proqnozlar mərc, qumar və ya pul qazanmaq məqsədi ilə olanda dini aləmdə məsələyə münasibət dəyişir. İslamda futbol proqnozları hansı hallarda haram və günah hesab oluna bilər?

Mövzu ilə bağlı Medianews.az-a açıqlamasında ilahiyyatçı Əkrəm Həsənov bildirib ki, mərc oyunları növündən asılı olmayaraq son illərdə insanların pullarını ən çox itirdiyi mənasız əyləncələrdən birinə çevrilib: “Əgər buna əyləncə demək mümkünsə, bəzi insanlar belə hallarda özlərini öz əlləri ilə təhlükəyə atırlar. Bu insan həyatında çox böyük bir itkiyə səbəb olur”.
Ə.Həsənovun sözlərinə görə, Qurani-Kərimdə və hədislərdə idman yarışları barədə birbaşa hökm yoxdur: “Bu oyunlar sonrakı dövrlərdə meydana çıxıb. İslam hüququnda belə məsələlər onların mahiyyətinə və məqsədinə görə qiymətləndirilir. Yəni bir işin hökmü onun forması çox, nəticəsi və məqsədi ilə müəyyən edilir.
Qurani-Kərimdə Allah təala buyurur: "Ey iman gətirənlər! Şərab, qumar, bütlər və fal oxları şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan uzaq durun ki, nicat tapasınız". Bu ayədə qadağan edilən əsas məsələ insanın zəhmətsiz qazanc əldə etmək məqsədilə təsadüfə əsaslanan oyunlar vasitəsilə maddi gəlir əldə etməsidir. İnsanlar elə böyük risklər edirlər ki, sanki bununla qazanc əldə edəcəklər. Heç bir ağıllı insan mərc oyunlarına pul yatırmamalıdır. Bunun əvəzinə əldə olan imkanı ticarətə yatırmaq daha faydalıdır və həm də Allah bunu halal qazanc yolu kimi göstərib. Klassik islam alimləri qumarı insanın malını riskə ataraq qarşı tərəfin zərərinə qazanc əldə etməsi kimi izah ediblər. İmam Nəvəvi, İbn Qudamə, İbn Həcər və digər alimlərin əsərlərində bu prinsip açıq şəkildə qeyd olunur”.
Ə.Həsənov qeyd edib ki, əgər futbol proqnozları mərc şirkətləri ilə əlaqəlidirsə, pul qoyuluşu edilirsə və qazanc və ya itki ehtimalı buna bağlanırsa, onda məsələ artıq sadə proqnoz olmaqdan çıxır və qumar mahiyyəti daşıyır:
“Belə hallarda əksər müasir islam alimləri bunu icazəli hesab etmirlər. Çünki burada insanın qazancı əməyə deyil, qeyri-müəyyən nəticəyə bağlanır. Lakin məsələ yalnız bundan ibarət deyil. Futbol üzrə mütəxəssislərin, jurnalistlərin və ya azarkeşlərin statistik göstəricilərə, komandanın vəziyyətinə, oyunçuların formasına və digər amillərə əsaslanaraq nəticə barədə fikir bildirmələri tamamilə fərqli məsələdir. Bu, idman təhlili və analitik yanaşma hesab olunur. Necə ki iqtisadçı bazar proqnozu verir, meteoroloq hava haqqında ehtimal irəli sürür, politoloq seçkilərlə bağlı təxminlərini açıqlayır, idman şərhçisi də oyunun nəticəsi haqqında öz fikrini bildirə bilər. Burada diqqət edilməli olan əsas məqam budur ki, gələcəyi qəti şəkildə bildiyini iddia etmək doğru deyil. Quranda buyurulur: "De: Göylərdə və yerdə Allahdan başqa qeybi heç kəs bilməz." Bu ayə göstərir ki, gələcəklə bağlı bütün məlumatlar yalnız Allahın elmindədir. İnsan isə mövcud məlumatlar əsasında yalnız ehtimal və təxmin irəli sürə bilər. Buna görə də futbol nəticələri barədə verilən proqnozlar qeybi bilmək iddiası deyil, statistik ehtimalların qiymətləndirilməsi kimi qəbul edilməlidir. Məhəmməd Peyğəmbərdən (ona və ailəsinə salam olsun!) nəql edilən hədisdə buyurulur: "Əməllər niyyətlərə görədir". Bu hədis mövzunun əsas meyarını ortaya qoyur. Əgər məqsəd idman təhlili aparmaq, məlumat paylaşmaq və ya peşəkar analiz təqdim etməkdirsə, burada dini baxımdan problem yoxdur. Lakin məqsəd insanları mərc oyunlarına cəlb etmək, onları qumara təşviq etmək və ya bundan qazanc əldə etməkdirsə, hökm dəyişir”.
İlahiyyatçı əlavə edib ki, müasir dövrdə aparılan psixoloji və sosioloji araşdırmalar da göstərir ki, mərc və qumar fəaliyyətləri bəzi insanlarda asılılıq yarada bilir:
“Son illərdə beynəlxalq elmi jurnallarda dərc olunan tədqiqatlar təsdiqləyir ki, idman mərc oyunları maliyyə problemləri, ailə münaqişələri və psixoloji gərginliklərlə əlaqəli ola bilir. Bu baxımdan islamın qumara qarşı qoyduğu məhdudiyyətlərin yalnız dini deyil, həm də sosial və psixoloji hikmətlər daşıdığı görünür.
İslam bir çox məsələyə forma üzərindən deyil, mahiyyət üzərindən yanaşır. Eyni əməl fərqli niyyət və məqsədlərlə fərqli hökmlər ala bilər. Futbol proqnozu da belə məsələlərdəndir. Sadəcə idman analizi kimi aparılan təhlillə insanları qumara sövq edən fəaliyyət eyni şey deyil. Müasir islam alimlərinin bildirdiyi kimi, futbol oyunları barədə statistik məlumatlara əsaslanaraq proqnoz vermək özlüyündə haram və günah hesab edilmir. Lakin bu fəaliyyət mərc, qumar, təsadüfi qazanc və ya insanların maliyyə riskinə cəlb edilməsi ilə əlaqələndirilirsə, həmin halda dini baxımdan ciddi problemlər ortaya çıxır. Müsəlman üçün əsas meyar həm niyyətin düzgün olması, həm də fəaliyyətin insanlara və cəmiyyətə fayda verməsidir. Mərcə pul qoymaq isə insanı itkiyə gətirib çıxarır və belə oyunlardan uzaq qalmaq daha sağlam yoldur”.
Oğuz Ayvaz,
Medianews.az