İranla davam edən genişmiqyaslı müharibə və Hörmüz boğazının faktiki blokadasından bəri ilk dəfə olaraq Qərb maraqları ilə əlaqəli bir yük gəmisi bu strateji su yolunu uğurla keçib.
"Bloomberg" agentliyinin yaydığı məlumata görə, Fransa şirkətlərinin yüklərini daşıyan konteyner gəmisi heç bir insident olmadan boğazı geridə qoyaraq təhlükəsiz sulara daxil olub.
Bu hadisə regionda gərginliyin pik həddə çatdığı və Hörmüz boğazının bütün dünya üçün "yüksək riskli zona" elan edildiyi bir vaxtda baş verdiyi üçün ekspertlərin xüsusi diqqətini çəkib. Müharibənin başladığı andan etibarən Qərb ölkələri ilə əlaqəli gəmilərin bu marşrutdan istifadə etmədiyi şəraitdə, fransız gəmisinin uğurlu keçidi dəniz ticarətinin bərpası üçün bir ümid işığı kimi qiymətləndirilir. Baxmayaraq ki, ərazidə ballistik raket təhdidləri və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) aktiv fəaliyyəti davam edir, gəminin keçidi zamanı hər hansı bir hücum və ya maneə qeydə alınmayıb.
Bildirilir ki, bu keçid pərdəarxası diplomatik danışıqların nəticəsi ola bilər və yaxın gələcəkdə digər mülki gəmilərin də bu həyati əhəmiyyətli su yolundan istifadə etməsinə yol aça bilər. Hazırda gəminin təyinat nöqtəsinə doğru hərəkətini davam etdirdiyi və beynəlxalq sığorta şirkətlərinin bu hadisədən sonra risk dərəcələrini yenidən nəzərdən keçirəcəyi bildirilir./musavat.com