Medianews.az
Fitosanitar təzyiq –
85 baxış

Fitosanitar təzyiq – Rusiyanın nə siyasəti siyasətdir, nə ticarəti ticarət

Hamısı bəhanədir, əslində Ermənistanda yetişdirilən kənd təsərrüfatı məhsulları 50, 20, 10, 5, 1 il əvvəl olduğu kimidir, eyni keyfiyyətdədir, bu xüsusda dəyişən bir şey yoxdur.

Dəyişən siyasi konyukturdur, Moskvanın İrəvana baxışıdır, ermənilərin Rusiyaya münasibətidir, regiondakı geosiyasi durum və status-kvodur.

Yoxsa çiyələyin, pomidor-xiyarın, əriyin fitosanitar durumunun məsələyə dəxli yoxdur. Yəni Rusiya Federasiyasının qısaca “Rosselxoznadzor” adlanan agentliyinin sabahdan etibarən Ermənistandan meyvə-tərəvəz idxalını məhdudlaşdırmaq barədə qəbul etdiyi qərar erməniləri şərləməkdir və bu göstəriş Kremldən gəlib.

Yaxşı, deyək ki, pomidor-xiyarda fitopatoloji xəstəliklərin əlamətləri aşkar edilib, bəs “Mimino” filmində “dünyanın iki nömrəli mineral suyu” adlandırılan “Cermuk” suyuna nə oldu? O niyə birdən-birə insan orqanizmi üçün təhlükə törətməyə başladı?

Hələ erməni konyakı... Sovet dövründə erməni konyakı SSRİ-nin içki brendlərinin siyahısında baş yeri tuturdu. Elə son illərə qədər də Ermənistanda istehsal olan konyak markaları yüksək zövqün göstəriciydi və ən bahalı içkiydi. Həm ermənilər, həm də ruslar bu içkilərin tərifini yerə-göyə sığdırmırdılar (şişirtməyə də varırdılar), hər vasitə ilə (bədii əsərlərdə, publisistik materiallarda, filmlərdə) açıq-gizli reklam edirdilər. İndi isə məlum olur ki, erməni konyakının rus istehlakçısına çatması yolunda problemlər var: bu içkilər gah standartlara uyğun gəlir, gah da gəlmir.

Bu, Ermənistanın baş naziri Nikol Paşinyanın və digər rəsmi şəxslərin bəyanatlarından asılıdır. Əgər onlar Rusiyaya yönəlik müsbət səciyyəli açıqlamalar veriblərsə, konyak içməli olur, Rusiyaya qarşı ittiham səsləndiriblərsə və “yolumuz Avropaya doğrudur” deyiblərsə, avtomatik olaraq erməni konyakı da zəhərə dönür, “Cermuk” suyu da.

Hələ bu gün-sabah Rusiya bazarında Özbəkistan və Azərbaycan əriklərinin əsas rəqibi olan və güclü reklam sayəsində onlardan üstün sayılan Ermənistan ərikləri də fitosanitar nəzarətdən keçə bilməyəcək. Bu, iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticələrindən asılıdır. Seçkidə Paşinyanın əleyhdarları, Rusiyanın adamları qalib gəlsə, “bağda ərik var, salam-əleyk da var” söhbəti olacaq. Yox, Paşinyan qalib gəlsə, bağdan ərik sovulacaq, salam-əleyk də qurtaracaq, əriyin Rusiya bazarının piştaxtalarında özünə yer etməsi də.

Biz “Rosselxoznadzor”un bu kimi fəndlərinə yaxşı bələdik. Rusiyanın zaman-zaman ölkəmizin qarşısnda qoyduğu qəbuledilməz tələblərə riayət edilmədiyi illərdə yüz tonlarla pomidorumuz (eləcə də xiyar, badımcan, bibər kimi məhsullar) şimaldakı sərhəd-keçid məntəqələrində qalıb, sonra ölkəyə qaytarılıb və böyük hissəsi xarab olduğu üçün zibil yeşiklərinə atılıb.

Payız aylarında eyni aqibət xurma, heyva, nar kimi məhsullarımızın başına gəlib. Rusiya hökuməti hansısa intriqalar üzündən ən keyfiyyətli narların Rusiya bazarına daşınmasına imkan verməyib, nəticədə rus istehlakçılar sırf cənub ölkələrində yetişən bu nemətin başqa ölkələrdən gətirilən variantlarını olduqca baha qiymətə alıblar.

Ümumiyyətlə, Rusiya ilə münasibətlərdə gərginlik yaranan kimi ölkəmizdən bu ölkəyə gedən bütün məhsullarda mütləq bir qüsur (xəstəlik və zərərverici sürfələri) “aşkar olunur”. Rusiya ilə ticarət əlaqəsi olan bütün ölkələr bu təzyiq metodundan öz nəsiblərini alırlar. Məsələn, 2008-ci ildə Gürcüstanın dünya şöhrətli "Borjomi" mineral suyu Rusiya tərəfindən "zəhərli su" kimi təqdim edilirdi. Moldova almaları hələ də "qara siyahı"dadır. 

Başqa sözlə, Rusiya bazarı Kremlin əlində yaxın-uzaq ölkələrə təsirli təzyiq rıçağıdır. Çünki bu, bazar böyükdür, hər gün milyardlarla dollar həcmində dövriyyəsi var. Hansı ölkə bu bazarda özünə yer eləsə, iqtisadiyyatı üçün ciddi stimul əldə etmiş olur.

Ancaq hansı ölkə ilə Rusiyanın münasibəti pisləşsə, dərhal həmin ölkənin “piştaxta”ları sökülür. 10 il öncə Rusiyanın qırıcı təyyarəsi Suriya səmasında Türkiyə hərbçiləri tərəfindən vurulanda çox çəkmədi ki, Anadolu yarımadasında istehsal olunmuş hər cür meyvə-tərəvəz türklərin əlində qaldı. Hər iki ölkə milyardlar dollar həcmində ziyana düşdü.

Sabah uzaq Ekvador Rusiyaya qarşı nəsə bir bəyanat versə, anındaca Moskva bu ölkədən banan idxalına qadağa qoyacaq və “Rosselxoznadzor” bəyan edəcək ki, Ekvador bananı fitosanitar nəzarətdən keçəcək qədər keyfiyyətə malik deyil. Nəticədə Rusiyada banan qıtlaşacaq, qiyməti bahalaşacaq, amma bu, Kremli yolundan döndərməyəcək.

Bu dövlətin xasiyyəti budur: nə siyasəti siyasətdir, nə ticarəti ticarət.

Xalid KAZIMLI 

Bizə qoşulun