Qlobal pop qrupu KATSEYEnin üzvü olan Manon Bannerman Fələstinə açıq şəkildə dəstək verdikdən sonra qrupla yollarını ayırdığı barədə iddialarla gündəmə gəlib.
Medianews.az xəbər verir ki, müğənninin İnstaqram bioqrafiyasında etdiyi dəyişikliklər bu iddiaları daha da gücləndirib.
Belə ki, pərəstişkarları Bannermanın İnstaqram profilində “KATSEYE” ifadəsini sildiyini və bio hissəsində yalnız “mademoiselle manzanita” sözlərini saxladığını qeyd ediblər. Bu dəyişiklik qrupdan ayrılıq iddialarını yenidən gündəmə gətirib.
Bir müddətdir qrup fəaliyyətlərində iştirak etməyən Bannerman Weverse platformasında etdiyi paylaşımda ona dəstək olanlara təşəkkür edib. O bildirib ki, bu müddət ərzində şirkəti ilə müsbət müzakirələr aparıb və özünü yaxşı hiss edir.
Digər tərəfdən, KATSEYE qrupu yeni musiqi layihələrini davam etdirir. Qrup bu yaxınlarda Pinky Up mahnısının ilk tizer videosunu yayımlayıb. Bu layihə Bannermanın qrup fəaliyyətlərindən uzaqlaşmasından sonra təqdim olunan ilk işlərdən biri kimi qiymətləndirilir.
Xatırladaq ki, daha əvvəl Manon Bannerman qrup fəaliyyətlərinə fasilə verdiyini və sağlamlığına diqqət yetirəcəyini açıqlamışdı. Lakin son hadisələrdən sonra onun qrupla yollarını tamamilə ayırdığı ehtimal olunur. Müğənninin karyerasını bundan sonra necə davam etdirəcəyi isə maraq doğurur.
Medianews.az