Azərbaycanda sosial tədqiqat və insanların davranışlarını öyrənən sosioloq kadrlarının sayı çox azdır. Əksinə, şəxsi inkişaf sahələrinə maraq artdığı üçün müğənni və psixoloq peşələri daha çoxdur. Bu isə təhsil sistemində və cəmiyyətdə sosiologiyaya kifayət qədər dəyər verilməməsi ilə bağlıdır. Nəticədə, cəmiyyətin sosial problemlərini dərin və elmi əsaslarla araşdıracaq ixtisaslı kadr çatışmazlığı yaranır. Niyə ölkədə bu qədər müğənni və psixoloq olsa da, sosioloq kadrları azdır?
Mövzu ilə bağlı Medianews.az-a açıqlamasında millət vəkili Fazil Mustafa bildirib ki, Azərbaycanda sosioloq ixtisasına ya bayağı yanaşılır, ya da bu sahəyə lazımi ciddilik verilmir.
Onun sözlərinə görə, sosiologiyanın tədrisi yüksək səviyyədə aparılmalıdır:
“Bu gün qərb təhsil sistemində fəlsəfə və sosiologiya ən önəmli sahələrdən biri hesab olunur. Bu ixtisaslar, ilk növbədə, insanın və cəmiyyətin öyrənilməsinə, düşüncə tərzinin daha sabit və sağlam istiqamətdə formalaşmasına xidmət edir ki, bu da əsas prioritetlərdən biridir”.
Millət vəkili qeyd edib ki, bir çox məsələlərdə beynəlxalq təcrübəni bilən, hazırlıqlı və təhsilli sosioloqların çatışmazlığı cəmiyyətdə baş verən proseslərin düzgün təhlil olunmamasına səbəb olur.
“Ali məktəblərdə sosiologiyanın tədrisi istiqamətində daha geniş və sistemli addımlar atılmalıdır. Bu zaman xarici təcrübə əsas götürülməlidir. Bir çox avropa ölkələrində sosiologiya kifayət qədər geniş və nüfuzlu ixtisas sahəsidir. Sosioloji tədqiqatların aparılması üçün mövcud qurumların imkanları da genişləndirilməlidir”.
Bu baxımdan Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyətini xüsusi qeyd edən Fazil Mustafa mərkəzin rəhbəri, millət vəkili Zahid Orucun bu sahədə yetərli biliyə malik olduğunu deyib:
“Mərkəzin səlahiyyətləri genişləndirilsə və kadr hazırlığı ilə bağlı tövsiyələri nəzərə alınsa, bu istiqamətdə ciddi irəliləyişlər əldə etmək mümkündür”.
Oğuz Ayvaz
Medianews.az