Ermənistanda iyunun 7-də keçirilmiş parlament seçkisinin ilkin nəticələri açıqlanır.
Medianews.az xəbər verir ki, rəsmi hesabata görə, 18 qüvvənin yarışdığı seçkidə parlamentə dörd iddiaçı mandat alır. Baş nazir Nikol Paşinyanın Vətəndaş Sazişi Partiyası 49,81 faiz, Güclü Ermənistan bloku 23,29 faiz, Ermənistan bloku 9,94 faiz, Çiçəklənən Ermənistan Partiyası 4 faiz səslə göstərilir.
Proporsional sistemlə formalaşan parlamentə düşmək üçün partiyalar etibarlı səslərin 4 faizini, bloklar 8 faizini toplamalıdır.
1975-ci il təvəllüdlü Nikol Paşinyan baş nazir kürsüsünə 2018-ci il mayın 8-də inqilab dalğasında oturub. Həmin il dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkisini Nikol Paşinyanın “Mənim addımım” bloku, 2021-ci il iyunun 20-də keçirilən növbədənkənar parlament seçkisini Vətəndaş Sazişi Partiyası udub.
Güclü Ermənistan blokunda aparıcı qüvvə Samvel Karapetyanın liderlik etdiyi Güclü Ermənistan Partiyasıdır. 1965-ci il təvəllüdlü Samvel Karapetyan Rusiyada fəaliyyət göstərən biznesmendir. 2025-ci ilin iyun ayında hakimiyyəti zorla ələ almağa çağırış ittihamı ilə həbs edilib, dekabrda ev dustaqlığına buraxılıb. Güclü Ermənistan Partiyası 2026-cı ilin yanvarında təsis olunub.
Ermənistan blokunun namizədlərinin siyahısına Robert Köçəryan başçılıq edir. 1954-cü il təvəllüdlü Robert Köçəryan 1992-1997-ci illərdə Azərbaycanın Qarabağ bölgəsindəki işğalçı rejimin başçısı olub. 1997-ci ilin martında Ermənistanın baş naziri postuna keçib. 1998-ci ilin fevralında prezident Levon Ter-Petrosyan istefa verib. Baş nazir kimi prezident səlahiyyətlərini icra etməyə başlayan Robert Köçəryan 1998 və 2003-cü illərdə dövlət başçısı seçilib.
Çiçəklənən Ermənistan Partiyasının namizədlər siyahısında lideri Qaqik Sarukyan birincidir. 1956-cı il təvəllüdlü Qaqik Sarukyan biznesmendir. Çiçəklənən Ermənistan Partiyasını 2004-cü ildə yaradıb. 2003, 2007, 2012, 2017, 2018-ci illərdə parlamentin deputatı seçilib.