Azərbaycana gələn turistlərin coğrafi mənşə strukturunda dəyişikliklər qeydə alınmaqdadır.
Məsələ ilə bağlı Medianews.az-a açıqlamasında iqtisadçı deputat Vüqar Bayramov deyib ki, bu ilin ilk 10 ayında Avropa İttifaqından gələnlərin sayı 7,9 faiz artsa da, körfəz ölkələrindən gələnlərin sayı 3,5 faiz, MDB dövlətlərindən gələnlərin sayı isə 8,2 faiz azalıb. Bütövlükdə həmin müddətdə Azərbaycana gələn turistlərin sayı 1.7 faiz azalaraq 2 milyon 171 min nəfər olub.
V.Bayramovun sözlərinə görə, gələnlərin 24,4 faizi Rusiya, 17,4 faizi Türkiyə, 8 faizi İran, 6,6 faizi Hindistan, 4,3 faizi Səudiyyə Ərəbistanı, 4,2 faizi Gürcüstan, 4 faizi Qazaxıstan, 3,4 faizi Pakistan, 2,6 faizi Çin, 2,4 faizi İsrail, 2,3 faizi Özbəkistan, 1,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, 1,2 faizi Türkmənistan, hər birindən 1,1 faiz olmaqla Belarus, Böyük Britaniya və Küveyt, 12,9 faizi digər ölkələrin vətəndaşları olub.

Deputat hesab edir ki, ərəb turistlərin sayının azalması alternativ turistik bazarlara marağın yüksəlməsi, Azərbaycanda turizm qiymətlərinin hələ də yüksək olması ilə əlaqələndirilir: “Avropadan gələnlərin sayının artması isə köhnə qitənin getmə turizmə istəyin yüksəlməsi, işgüzar səfərlərin sayının çoxalması və bütövlükdə bölgəyə xüsusi marağın artması ilə bağlıdır. Eyni zamanda, son illər xaricilərin Azərbaycanda sağlamlıq turizminə də marağının artması müşahidə olunur.
Turizmin enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sahədir. Bu baxımdan gələn turistlərin ölkə mənşəyinin yeniləşməsi, xüsusən də Avropa və Cənubi-Şərqi Asiyada yerləşən dövlətlər ilə bu sahədə əməkdaşlığın gücləndirilməsi vacibdir. Bu turizm gəlirlərində dayanıqlığı artıra bilər”.
Nailə Qasımova,
Medianews.az