Medianews.az
Epşteynin 7 ildir gizlədilən məktubu var imiş –
106 baxış

Epşteynin 7 ildir gizlədilən məktubu var imiş – Yeni İFŞA

ABŞ-nin “Nyu-York Tayms” qəzetində Ceffri Epşteynin intiharqabağı məktubunun illərdir ictimaiyyətdən gizlədildiyi haqda yazı dərc olunub.

Medianews.az-ın məlumatına görə, yazıda deyilir ki, məktubu Epşteyn Manhettendə həbsxanada yazıbmış. Bu məktubun yeddi ildir Nyu-Yorkdakı məhkəmələrin birində möhürlənmiş halda saxlandığı vurğulanır.

Məktubun mövcudluğunu ilk dəfə Epşteynin keçmiş kamera yoldaşı Nikolas Tartalyone açıqlayıb. Onun sözlərinə görə, məktub 2019-cu ilin iyulunda Epşteyn boynuna mələfə dolanmış vəziyyətdə huşsuz tapılandan sonra aşkarlanıb. Həmin hadisədən sağ çıxan Epşteyn bir neçə həftə sonra həbsxanada ölü tapılıb.

Məktub Tartalyonenin öz cinayət işi çərçivəsində federal hakim tərəfindən möhürlənib. Bu səbəbdən Epşteynin ölümünü araşdıran qurumlar həmin potensial əhəmiyyətli sübutdan istifadə edə bilməyib.

Ceffri Epşteyn

“Nyu-York Tayms” qəzeti hakimə müraciət edərək məktubun açıqlanmasını istəyib. Tartalyonenin iddiasına görə, məktubda “vidalaşmağın vaxtıdır” kimi ifadələr yer alıb. Bununla belə, qəzet sənədi görmədiyini, Epşteyn dosyelərində də ona rast gəlmədiyini açıqlayıb. ABŞ Ədliyyə Nazirliyi də məktubun onların əlində olmadığını bildirib.

“Nyu-York Tayms” yazır ki, sənədlərdə yer alan qısa xronologiya məktubun hüquqi proseslərə necə daxil olduğu haqda az-çox anlayış yaradır. Qəzet bildirir ki, Tartalyonenin vəkilləri məktubun mövcudluğunu təsdiqləsə də, başqa məqamları açıqlamırlar.

Əgər məktub doğrudan da Epşteyn tərəfindən yazılıbsa, bu, onun ölümündən əvvəlki psixoloji vəziyyətinə dair yeni ipucları verə bilər.

Epşteynin ölümü rəsmi olaraq intihar kimi qeydə alınsa da, Manhetten həbsxanasındakı təhlükəsizlik boşluqları ilə bağlı faktlar illərdir müxtəlif sui-qəsd versiyalarının yayılmasına səbəb olub. İyul hadisəsindən sonra Epşteyn boynundakı izlərlə bağlı sorğuya cavabında kamera yoldaşının ona hücum etdiyini və intihara meylli olmadığını bildirmişdi.

Tartalyone isə bu ittihamları rədd edir. Həbsxana qeydlərinə əsasən, Epşteyn sonradan rəsmilərə Tartalyone ilə heç bir problemi olmadığını və onunla eyni kamerada özünü təhlükəsiz hiss etdiyini deyib.

Nikolas Tartalyone

2023-cü ildə dörd nəfərin qətlinə görə məhkum edilən Tartalyone hazırda ömürlük həbs cəzası çəkir və apellyasiya şikayəti verib. Tartalyonenin dediyinə görə, məktubu kamerada kağızların içindən tapıb. Sarı kağız üzərində yazılmış qeyddə guya Epşteynə qarşı aparılan araşdırmalarda “heç nə tapılmadığı” qeyd olunur və mətn “Məndən nə istəyirsiniz, ağlayım? Vidalaşmağın vaxtıdır” kimi ifadələrlə davam edir.

Məktubun sonrakı taleyi ilə bağlı sənədlər göstərir ki, o, vəkillər arasında mübahisəyə səbəb olub və nəticədə məhkəmə tərəfindən götürülərək arxivdə saxlanılıb. Məhkəmə rəsmiləri möhürlənmiş sənədlərlə bağlı şərh verməkdən imtina ediblər.

Xatırladaq ki, Cefri Epşteyn (1953-2019) amerikalı maliyyəçi və investor olub, lakin onun adı dünyada daha çox yetkinlik yaşına çatmayan qızların cinsi istismarı ilə bağlı qalmaqallı cinayət işlərində hallanır.

O, 1970-1980-ci illərdə ABŞ-də investisiya məsləhətçisi kimi fəaliyyət göstərib və varlı müştərilərlə işləyərək böyük sərvət toplayıb. Epşteynin müştəriləri və əlaqədə olduğu insanlar arasında siyasətçilər, iş adamları və digər məşhurlar yer alıb.

2005-ci ildə Epşteyn Floridada yetkinlik yaşına çatmayan qızlara qarşı cinsi istismar ittihamı ilə istintaqa cəlb olunub. 2008-ci ildə prokurorluqla qalmaqallı razılaşma əldə edərək daha ağır federal ittihamlardan yayınıb və 13 ay həbs cəzası alıb. Bu razılaşma ABŞ-də ciddi ictimai narazılıq doğurub.

2019-cu ilin iyulunda o, Nyu-Yorkda yenidən həbs olunub. Epşteynə qarşı insan alveri və yetkinlik yaşına çatmayan qızların cinsi istismarı ilə bağlı federal ittihamlar irəli sürülüb. 10 avqust 2019-cu ildə Manhettendə saxlandığı həbsxanada Epşteynin meyiti tapılıb. Rəsmi versiyaya görə, o, intihar edib. Lakin ölüm şəraiti və həbsxana nəzarəti ilə bağlı çoxsaylı suallar və sui-qəsd iddiaları ictimai müzakirələrə səbəb olub.

2026-cı ilin yanvarında ABŞ Ədliyyə Nazirliyi “Epşteyn işi” adını almış milyonlarla sənəd, çoxsaylı foto və video materiallar açıqlayıb. “Epşteyn işi” xüsusilə ABŞ-də və Böyük Britaniyada yüksək çinli şəxslərin adlarının hallanması ilə siyasi və ictimai rezonans doğurub.

Epşteynin fəaliyyəti və əlaqələri ilə bağlı istintaq materialları, məhkəmə sənədləri hələ də mərhələli şəkildə açıqlanır və işin tam miqyası barədə müzakirələr davam edir.

Medianews.az

Bizə qoşulun