Bayramlar yaxınlaşdıqca bazar və supermarketlərdə canlanma artır, gündəlik ərzaq məhsullarına tələbat xeyli yüksəlir. Xüsusilə Novruz və Ramazan ərəfəsində süfrələrin bol qurulması ənənəsi satışlara birbaşa təsir göstərir. Bu dövrdə bəzi məhsulların qiymətində artım müşahidə olunur və cəmiyyətdə bunun səbəbləri ilə bağlı fərqli fikirlər səslənir. Bəs bayram günlərində ərzaq bahalaşması əsasən mövsümi tələbatdan qaynaqlanır, yoxsa süni qiymət artımı halları daha çox rol oynayır?
Bu barədə Medianews.az-a açıqlamasında İqtisadi Təhlil İnstitutunun rəhbəri, iqtisadçı-ekspert Məmməd Talıblı bildirib ki, bahalaşmanın bayram ərəfəsinə təsadüf etməsi artıq ənənəvi hal alıb.

Onun sözlərinə görə, inkişaf etmiş ölkələrdə bayram dövrü daha çox endirim kampaniyaları və stimullaşdırıcı satış strategiyaları ilə müşayiət olunduğu halda, bizdə əksinə, qiymət artımı müşahidə edilir. Bu fərqin əsas səbəblərindən biri bazarda formalaşmış ictimai və iqtisadi mühitlə bağlıdır. Tələb artan kimi qiymətlərin yüksəlməsi artıq adi bazar davranışına çevrilib və bu, müəyyən mənada psixoloji zəminə də söykənir:
“Digər mühüm amil məhsulların bazara eyni mövqedən daxil olması və bir neçə əsas oyunçunun bazara nəzarət etməsidir. Rəqabət mühitinin zəif olduğu, inhisarlaşmanın geniş yayıldığı bazarlarda qiymətlərin sərbəst və ədalətli formalaşması çətinləşir. Xüsusilə idxal sahəsində tam və ya qismən inhisarçı strukturların mövcudluğu qiymət artımını daha da sürətləndirir. İstehsal sahəsində nisbətən fərqli vəziyyət olsa da, orada da bazar payının məhdud sayda subyektlər arasında bölüşdürülməsi rəqabəti zəiflədir”.
Ekspert qeyd edib ki, bununla yanaşı, bazarın tənzimlənməsi üçün nəzərdə tutulan mexanizmlər praktikada kifayət qədər effektiv işləmir:
“İstehlakçı hüquqlarını qoruyan qurumlar və qida təhlükəsizliyinə nəzarət edən strukturlar qiymət siyasətinə birbaşa təsir imkanına malik olmadığından prosesə real müdaxilə edə bilmirlər. Normativ baza mövcud olsa da, tətbiq mexanizmlərində boşluqlar qalır. Rəqabət Məcəlləsinin qəbul edilməsi müəyyən ümidlər yaratsa da, indiki mərhələdə bu sənəd də bazarda köklü dəyişikliklərə gətirib çıxarmayıb. Nəticədə, tələb artan hər dövrdə qiymətlərin yüksəlməsi demək olar ki, qaçılmaz xarakter alır”.
Oğuz Ayvaz
Medianews.az