“Birinci Qarabağ müharibəsinə görə bir çox ölkə Azərbaycana və Ermənistana silah embarqoları tətbiq etmişdi. Amma bəzi ölkələr bu embarqolara əhəmiyyət vermirdi. Xüsusən Avropa ölkələri. Məsələn, Çexiya şirkətləri Azərbaycana silah satırdı”. Hərbi ekspert Səxavət Məmməd Böyük Britaniyanın Azərbaycana və Ermənistana qarşı silah embarqosunu tamamilə ləğv etməsi hadisəsini Medianews.az-a şərh edərkən belə deyib.

Embarqo götürüldü, indi Böyük Britaniya Azərbaycana hansı silahları sata bilər? Azərbaycanın Britaniyadan hansı növ silahları alacağı gözləniləndir?
Suala cavab olaraq hərbi ekspert bildirib ki, silahlar ordunun ehtiyacına görə alınır: “Hər halda Azərbaycan tərəfi araşdırma aparıb orduda ilk növbədə nələrə ehtiyac olduğunu hesablayacaq. Ona görə indidən bu haqda fikir yürütmək çətindir. Ümumən götürəndə onu söyləmək olar ki, hazırda Azərbaycan hava hücumundan müdafiə sistemlərini daha da təkmilləşdirmək xəttini tutub. Ona görə birinci ağla gələn hava hücumundan müdafiə sistemləridir. Daha sonra müxtəlif artilleriya qurğuları, haubitsalar, radioelektron mübarizə vasitələri, radarlar, mərmilər – bunların hamsı mümkün variantlardır.
Bundan əlavə Azərbaycanın hərbi donanmanı da yeniləmək niyyətində olduğu görünür. Azərbaycanın bir neçə ölkənin, o cümlədən Pakistanın hərbi donanma komandanları ilə keçirdiyi görüşlər onu düşünməyə əsas verir ki, ölkəmiz hərbi donanmanı yeniləmək əzmindədir.
Mümkün variantdır ki, Böyük Britaniyanın rəsmi qurumları və ya ayrı-ayrı şirkətləri ilə bu istiqamətdə razılıqlar əldə edilsin. Azərbaycan bir çox ölkədən silah alır. Türkiyə, Rusiya, İsrail, Pakistan, Çin, Çexiya və digər ölkələri qeyd etmək olar. Böyük Britaniyanın da bu sıraya qoşulması ehtimalı, sözsüz ki, var”.
Nailə Qasımova,
Medianews.az