“Efirdə toy repertuarı oxumaq olmaz. Bizim o qədər əsərlərimiz, muğamlarımız, estrada mahnılarımız var ki, onları gözəl şəkildə təqdim etmək lazımdır. Bunu xanəndələrin etməsi ilə ümumiyyətlə barışa bilmirəm. Efirin efir mahnısı, toyun toy mahnısı var. Toyun repertuarını efirə gətirməyə ehtiyac yoxdur. Bütün günü diringi, oynamaq olmaz ki.. Son vaxtlar həmin ifaçıları efirdə görəndə səsini alıb, sadəcə görüntüsünə baxıram. Bunu bayağı ifaçılar edəndə əlbəttə ki, onlar qınanılmırlar. Çünki tamaşaçılar onların ifasında bu mahnılara öyrəşib. Bunu xanəndələr edəndə əlbəttə ki, ikiqat qınanılırlar. Bu da həmin xanəndələrin bəsit olduğunu göstərir. Mən bunu edə bilmərəm. Nə sənətimə, nə də xarakterimə yaraşdırmıram. Bu Azərbaycan mədəniyyətinin təbliğatı deyil. İstərdim ki, 70-80-ci illərdə ifa edilən musiqilərimiz efirlərimizə yeni aranjimanlarda ayaq açsın”.
Bunu Medianews.az-a açıqlamasında xalq artisti, xanəndə Nəzakət Teymurova deyib.

O daha sonra əlavə edib:
“Bəlkə də hər kəsin pula ehtiyacı var. Bunları da sırf toya getmək üçün edirlər. Elə bil o xanəndələr toy üçün repertuar hazırlayırlar. Amma bir az da sənət üçün çalışsınlar. Kimin pula ehtiyacı yoxdur ki?! Mən demirəm ki, toy pisdir. Xeyr, toylar bizim milli adət ənənəmizdir. Məni toya öz repertuarıma görə dəvət edirlər. Elə buna görə də toylara çox nadir hallarda gedirəm. Tamaşaçıdır, ürəyi istəyir, qırmıram. Burada artıq mənim üçün maddiyat önəm daşımır. Bəzi ifaçılar var ki, onlar həm öz tələbələrim, həm də sənət yoldaşlarımın tələbələridir. Həmişə tövsiyyə edirəm ki, yeni-yeni muğamlar yazdırıb oxuyun. Çünki səs həmişə belə olmayacaq. Səs dəyişilir. Biz tarixdə gənclikdə ifa etdiyimiz ifalarla yadda qalmışıq, onlar bəs nə ilə yadda qalacaqlar?! Toy repertuarları ilə? Sənət üçün işləmək və çalışmaq lazımdır”.
Əli Əsgər,
Medianews.az